Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur:
“İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyir. Bunun başlıca şərti İranın nüvə silahı əldə etməyi düşünmədiyi barədə İsraili inandırmaqdır. Bu alınmasa, Çində danışıqlar nəticə verməyəcək”.
Politoloqun fikrincə, bu məlumat başqa sual aktuallaşır:
“İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi? Biz isə əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir.
O ki qaldı İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq”.