Tehran 24 saatdan az müddətdə İraq, Suriya və Pakistana raketlər ataraq, İsrailin casus bazası, İŞİD terrorçularının yerləşdiyi yer və separatçı yaraqlı qrup (“Ceyş ül-Ədl” nəzərdə tutulur – red.) daxil olmaqla, müxtəlif hədəfləri vurdu.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” 16 yanvarda İranın qonşu ölkələrə zərbələri haqda analizində qeyd edib.
“Hücumlar Tehranın Fars körfəzindən neft ixracı üçün əsas kanal olan Hörmüz boğazı yaxınlığında əzələlərini sıxmasından bir neçə gün sonra həyata keçirildi. Bu, husilərin artıq qlobal gəmiçiliyi pozduğu Qırmızı dənizə hücumu fonunda baş verdi”, – məqalədə bildirilib.
Məqalədə vurğulanıb ki, bu zərbələr İranın Yaxın Şərqdəki münaqişə fonunda hərəkətsizliyinin birbaşa qarşıdurmadan qaçmaq istəyindən xəbər verdiyinə inananlara kəskin cavab idi:
“İran dünyaya, xüsusən də İsrailə elan etdi ki, məcbur olarsa, döyüşməyə hazırdır. İran İslam İnqilabı Keşikçiləri Korpusu hədəflərini vurmaq üçün lazım olduğundan daha uzaqmənzilli raketlərdən istifadə edib və bu raketlər Təl-Əvivə çatmaq gücündədir”.