İran səfirinin İsrail səfiri ilə son polemikası o qədər də uğurlu olmadı. Bunu İran da anladı. Yəqin ki, onu Tehrana çağırmaqla belə polemikalardan qaçmağı tapşıracaqlar.
Bu sözləri AzerTimes-a açıqlamasında professor Qabil Hüseynli İranın Azərbaycandakı səfiri Abbas MusəvininTehrana çağırılması və ölkəsinin XİN rəhbəri Abdullahianla İran-Azərbaycan əlaqələrini müzakirə etməsi haqda informasiyanı şərh edərkən deyib.
Politoloqun ehtimalına görə, səfirə verilən göstərişlər arasında İranın Azərbaycandakı “5-ci kolon”u ilə daha fəal işləmək məsələsi əsas ola bilər:
“Son vaxtlar həm Rusiya, həm də İranın “5-ci kolon”unun xeyli fəallaşması müşahidə olunur. İran hətta Rusiyadakı azərbaycanlı mühacir işçilər arasından müəyyən adamları işə götürərək İrana aparmaqla məşğuldur. Eyni prosesi Azərbaycanın daxilində də keçirməyə çalışırlar”.
Politoloq bildirib ki, İran sözün həqiqi mənasında avantüranı sevən bir ölkə olduğundan Azərbaycanla bağlı gizli planlar qurması istisna deyil:
“İranla bağlı məsələlərdə yas mərasimi olan yerlərdə din xadimlərinin moizələrinə, eləcə də insanlara xitabən çatdırdıqları müəyyən fikirlərə diqqət etmək çox vacibdir. Bu, əlbəttə vicdanlı din xadimlərinin xətrinə dəyməməlidir və onlar üçün hər hansı bir kölgəli cəhətlərin olmadığını qəbul etməlidirlər. Cənub və şimal qonşularımızın ölkəmizə qarşı təxribatlarının gücləndirilməsi və bu təxribatlarda əvvəllər vəzifədə olmuş və ya sonradan istefaya göndərilmiş insanlardan, eləcə də dini kəsimdən səylə istifadə etməyə çalışdıqlarını görməmək mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı da bu məsələdə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir”.