İran-Azərbaycan münasibətləri normallaşmayıb. Prezident İlham Əliyev Şuşada keçirilən konfransda xarici ekspertlərdən birinin sualına cavab verərkən Azərbaycanın İranla münasibətləri normallaşdırmağa hazır olduğunu, ancaq birinci addımın Tehran tərəfindən atılmalı olduğunu bildirdi. Bunun üçün ilk olaraq İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya məlumat verməlidir. Lakin Tehran istintaqın gedişi barədə Bakıya məlumat verməyib. Bu da Tehranın səfirliyə silahlı hücumla bağlı araşdırma aparmadığı təəssüratını yaradıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli Bakı-Tehran münasibətləriylə bağlı maraqlı təklif irəli sürüb:
“O deyib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankara vasitəçilik edə bilər. Əli Biqdeli keçmiş diplomatdır, İranın Azərbaycanda və Türkiyədə səfiri olub, fars millətçi dairələrinə yaxın ekspertdir. Biqdeli İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyətini belə qiymətləndirir: “Azərbaycan məsələsi yeni mövzu deyil və keçmişə dayanır. Bu bölgə keçmişdə İrana məxsus olub. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra bölgədə gücünü artırmağa çalışır. Türkiyə və İsraillə yaxın münasibətlərinə görə Azərbaycan İran üçün ciddi təhlükə hesab edilə bilər. Ən əsası İsrailin regionda təhlükəsizlik və hərbi mövcudluğudur ki, İran üçün bu da təhdid sayılır.
İran bu məsələni tezliklə həll etməlidir ki, gərginlik daha çox zərər və xəsarətə yol açmasın”.
Biqdeli qeyd edib ki, Rusiya vasitəçi ola biləcəyini desə də, İranla Azərbaycan arasındakı münasibətlərin gərgin olmasında maraqlıdır: “İran və Səudiyyə Ərəbistan arasında sülh əldə edildikdən sonra bölgədə sakitləşdirici vəziyyət yaranmalı olduğunu nəzərə alsaq, İran Rusiya və Türkiyə vasitəsilə Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır”.
E.Şahinoğlu Tehranın Bakı ilə münasibətlərini normallaşması üçün yollar axtardığını da vurğulayıb:
“Bir sözlə, Tehran Biqdeli vasitəsilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib. Ekspert İranın hazırda daxili və xarici böhranlarla üzləşdiyini də gizlətməyib.
Ancaq İran-Azərbaycan münasibətlərinin normallaşması üçün Moskva və ya Ankaranın vasitəçiliyinə ehtiyac yoxdur. Tehran Azərbaycana qarşı təxribatlarını durdurmalı, ölkəmizdə “5-ci kolon” və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etməlidir. Eyni zamanda, səfirliyə hücumla bağlı araşdırmanın hazırki durumu barədə də Bakını məlumatlandırmalıdır. Bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək”.