Uşaq vaxtından yadımdadır ki, Güney Azərbaycanda Qarabağ mövzusuna böyük həssaslıq var idi. Mağaza və dükanların üstünə “Qarabağ” yazılırdı. Millətimiz üçün bu mövzu xüsusi əhəmiyyət daşıyırdı. İran isə əks-təbliğatla məşğul idi.
Bu sözləri AzerTimes-a güneyli jurnalist, ictimai-siyasi fəal Araz Sulduzlu deyib.
O, İran ərazisində Quzey Azərbaycanla bağlı atributların çoxalmasını fars molla rejiminə kiçik bir xatırlatma olduğunu deyib:
“İran Qarabağ işğal altında olduğu zaman xalqımızı inandırmağa çalışırdı ki, Azərbayacan heç zaman Qarabağı ermənilərdən azad edə bilməyəcək. Deyirdilər, onlara güvənməyin, çünki sizə də kömək edə bilməyəcəklər. Belə sözlərlə bizi ruhdan salmağa çalışırdılar. Milli fəallarımız üçün bu olduqca ağır idi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi bizə böyük ruh yüksəkliyi verdi. Güney Azərbaycan Milli Hərəkatına ikinci nəfəs gəldi. Hərəkatımız gücləndi, aktivləşdi və mübarizə əzmimiz yüksəldi. “Zəngəzur Azərbaycandır!”şüarlarının İran küçələrində yazılması, “Traktor” azarkeşlərinin “Noldu, Paşinyan?” mahnısına qol götürüb oynaması, bayraqlarımızın hər addımda farsların qarşısına çıxması başladığımız proseslərin davamıdır. Rejimə sübut etmək istəyirik ki, təbliğatınız mənasız oldu. Azərbaycan dövləti güclü imiş. Biz də onun özüyük, bir parçasıyıq. Dövlətimiz bir gün bizi də qurtaracaq. Onun iradəsinə əminik”.
İrandakı ümumxalq etirazlarına toxunan Araz Sulduzlu Güneyin hadisələrin mərkəzi olduğunu bildirib:
“Azadlığın bədəli var və onu verməliyik. Etirazlar başlayanda farslar deyirdi ki, Azərbaycan Milli Hərəkatı aktiv deyil, proseslərdə iştirak etmir. Lakin bu etirazlarda bizim 2 minə yaxın milli fəalımız həbs olunmuşdu. Bu barədə isə susurlar və danışmaq istəmirlər. Anlayırlar ki, Güney Azərbaycan hadisələrin mərkəzidir və baş verən olayları irəli aparmaq üçün rəhbərlik edir. Dövlət də o səbəbdən bizə çox basqılar edir”.
O, hərəkatın öndərlərinin Güney Azərbaycanı hədəflərinə yetişdirmək üçün böyük səy göstərdiklərini bildirib:
“Sayımız çox olanda milli fəallarımızı müəyyən etmək də çətin olur. İndi İran qəhrəmanlarımıza bir-bir nəzarət edib, onlara ayrıca fokuslana bilmir. Çevriliş qorxusu var. Qeyri-farslar da mübarizəyə qoşulub. Artıq meydan bizimdir və açıq-aşkar tələblərimizi səsləndiririk. Zindanlar, həbs və sürgünlər mübarizəmizə əngəl olmadı. Xalqımız və milli fəallarımız Quzey Azərbaycanın bir parçası olması həqiqətini unutmur. Gec-tez arzularının gerçəkləşəcəyinə inanırlar”.