Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Ölkə başçısı azad olunmuş bölgələrə səfərlərində olduğu kimi, Cəbrayılda da bir çox layihələrin, o cümlədən Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməllərinin qoyulmasında iştirak edib. Daha sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezidentin çıxışı bu dəfə də maraqlı dairələrə siyasi mesajlarla yadda qaldı.
Millət vəkili Tamam Cəfərova AzerTimes-a açıqlamasında belə deyib.
Azərbaycan xalqı Vətən müharibəsində qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Azərbaycan imkan verməyəcək ki, Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. “Əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. Bu bizim legitim hüququmuzdur. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar – bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq”. Prezident İlham Əliyev belə deyib.
İranın əyalət mollasının və əfsuslar olsun ki, rəsmi şəxslərinin də Azərbaycana qarşı əsassız ittihamlarına, iftiralarına toxunan Tamam Cəfərova qeyd edib ki, heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan bütün təxribatlara üstün gələcək. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.
Millət vəkili bildirdi ki, uzun illər ərzində Azərbaycana qarşı edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amili dururdu. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Bununla da təzyiq göstərməyə çalışırdılar. Bütün təzyiqlərin təməlində o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Qəhraman Azərbaycan Ordusu “Siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız” kimi səsləndirilən tezislərə son qoydu.
Tamam Cəfərova bildirib ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir. Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır və bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də Azərbaycan dəstəkləyir. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ölkə arasında danışıqların gündəliyi artıq müzakirə olunur. Bəziləri bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Sərhədlərin delimitasiyası həyata keçirilsin.
“Ermənistanla Azərbaycan arasındakı ədavət əbədi olmamalıdır. Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”. Prezident İlham Əliyev görüşdə belə deyib.