Bu axşam Xankəndidən Gorus istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili tibbi yardım avtomobilləri maneəsiz şəkildə geri keçid edib.
AzerTimes Report-a istinadən xəbər verir ki, ümumilikdə 20-dən artıq ambulans Gorus istiqamətinə hərəkət edib.
Təcili tibbi yardım avtomobilləri Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərə yardım üçün getmişdi.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.