Azercell Telekom MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu yekunlaşdı. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutdu.
Tədbirdə çıxış edən “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğuladı. “Azercell innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir”,- deyə D. Hüseynova bildirdi.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirdi.
Münsiflər heyətinin qərarına əsasən hakatonun bu ilki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edildi.
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazandı. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışdılar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işlədilər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetirdilər.
Qeyd edək ki, “Techcell” hakatonu “Azercell” və UFAZ -ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.