Təbrizdə azadlıq savaşı aparan bakılı Mədinə…

Təbrizdə azadlıq savaşı aparan bakılı Mədinə…

O, Bakıda, atasının kasıb, amma xoşbəxt küməsində anasının “yuxu kimi şirin laylası” ilə böyüyən yeddi qız övladdan biri idi. Ümid, inam dolu həzin layla sədaları altında, sevgi və nəvazişlə böyüyən bu həssas təbiətli qızın o vaxt əsla xəyalına gəlməzdi ki, həmin doğma səsdən, isti ana nəfəsindən uzun illər ayrı düşəcək və o səsi bir də otuz ildən sonra telefonda eşidəndə həyəcandan bütün vücudu titrəyəcək…

Bu titrəyişdən ana ilə balanı ayrı salan sərhədlər də, sərhəd dirəklərinə möhkəm-möhkəm sarılan tikanlı məftillər də utanacaqdı… O vaxta isə hələ çox vardı. Zaman öz gərdişində, Güney Azərbaycanın təlatümlü sabahları qarsıdaydı…

Azadlıq mücadiləsi dalğası bütün Güney Azərbaycanı bürüyəndə o, Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və döyüşən şeirləri ilə həmin hərəkatın carçısı olacaqdı. İsrarlı, mübariz, üsyankar ruhu qədər təmkinli və amalına doğru addımladığı yolda səbrli, səbatlı olmağı da bacaran bu gənc qız Mədinə Gülgün (1926-1992) idi. Şeirlərinə bəstələnən mahnılar, nəğmələr Türk dünyasında ün qazanan Azadlıq mücahidi, Xalq şairi Balaş Azəroğlunun ömür-gün yoldaşı, Azərbaycan poeziyasının görkəmli qadın imzalarından biri, azad millət olmağın yolunu elmdə, təhsildə görən, qadınlarımıza bu baxımdan örnək olan Mədinə Gülgün…

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində dünyaya göz açmışdı. Yeddi uşağını min bir zəhmətlə böyüdən ailə övladlarına təhsil verməyi onların gələcək xoşbəxtliyinin əsas təminatı kimi görürdü. Böyük Cəfər Cabbarlının “Dilarə” hekayəsində müşahidə etdiyimiz kimi, o illərin Bakısında övladını məktəbə göndərməyin xeyli çətinlikləri vardı. Ancaq bütün sıxıntılara baxmayaraq Mədinə Gülgün və bacıları məktəb yaşları çatanda ibtidai təhsilə başlamışdı. Mədinə Gülgün ibtidai məktəbi Bakıda bitirmiş, uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuş, hələ ibtidai məktəb illərindən Aşıq Ələsgəri, Natəvanı və M.Ə.Sabiri sevərək mütailə etmişdi.

O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda fəallığı ilə seçilir, bəzən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi.

Lakin tale elə gətirmişdi ki, 1938-ci ildə ailəliklə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçmüş, bir qədər sonra isə Təbrizdə yaşamağa qərar vermişdilər.

Yeniyetməlik çağlarından Mədinə Gülgünün ən gözəl günlərinin şahidi, gənclik xatirələrinin müqəddəs ünvanı olan Təbriz şəhəri qəlbinin, duyğularının zirvəsində yer alırdı. O, ilk əmək fəaliyyətinə də burada başlamış, toxuculuq karxanasında işləmişdi. O, hələ ilk gənclik illərindən Təbrizdə Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olmuş, bunu ürək ağrısı ilə yaşayanlardan biri kimi azadlıq mübarizəsi meydanına atılmışdı. Bu mübarizə yolunda yetərincə savada və zəngin dünyagörüşə sahib olmağın vacibliyini anladığı üçün təhsilini artırmağa ehtiyac duymuşdu. Qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənən Mədinə Gülgün sonralar Təbrizin mədəni həyatının ön sıralarında addımlamış, Təbriz Dram Teatrında fəaliyyəti ilə milli-mədəni tərəqqiyə xidmət etmişdir.

Ömrünü Güneyli-Quzeyli bütöv Azərbaycan amalına həsr edən şair istər Vətənin o tayında, istərsə də bu tayında yaşadığı illərdə bütün fəaliyyəti boyu milli-mədəni inkişafımız üçün yorulmadan qələm çalmışdır. Təbrizdə çıxan “Azərbaycan” qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işlədiyi illərdə milli azadlığı tərənnüm edən şeirləri ilə oxucuların sevgisini qazanmışdı. O, 21 Azər Milli Azadlıq Hərəkatının fəal iştirakçısı kimi öz mübariz şeirləri ilə inqilabın ön sıralarında addımlamışdır. 1945-1946-cı illər Mədinə Gülgünün həyatında yalnız Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qatqıları ilə deyil, həm də poeziyasının öz oxucu auditoriyasını qazandığı dönəm kimi önəmli və yadda qalan olmuşdur. Güney Azərbaycanda milli hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Mədinə Gülgün doğulduğu Bakıya dönməyə məcbur olmuş, təhsilini də burada davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsinə daxil olub, 1952-ci ildə həmin fakültəni uğurla bitirmişdir.

Mədinə Gülgün Bakıda bədii yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirmişdir. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmiş, SSRİ-də yaşayan İranlı Mühacirlər Cəmiyyətinin Azərbaycan şöbəsinin plenum üzvü olmuşdur. Eyni zamanda, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəyliyi Komitəsinin üzvü seçilmişdir. O, dünya xalqlarının istiqlaliyyəti, insanların hürriyəti uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyərək sənəti, sözü ilə səsini mücahidlərin səsinə qatmışdır. Mədinə Gülgün Azərbaycan Yazıçılar İttifaqı (indiki AYB) İdarə Heyətinin, “Azərbaycan” jurnalı redaksiya heyətinin və Yazıçılar İttifaqına qəbul komissiyasının üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir.

Bakıda həyatını nizama salıb gözəl bir ailə ocağı, yüksək ixtisas, sənət şöhrətinə sahib olsa da, ancaq hər zaman o tayı, Təbrizi düşündüyündən yaradıcılığında kədər motivləri daha qabarıq görünmüşdür. “Təbrizin gülləri qönçə, Güllər açmaz mən gəlincə” deyən şairin qəlbində həmişə Təbriz nisgili qalmışdır. “Təbrizi bir daha görməyincə üzüm gülməyəcək” deyən Mədinə Gülgün sevimli Təbrizini bir daha görməsə də, vətəninin bu tayının müstəqilliyini görmək nəsibi oldu.

1992-ci il fevralın 17-də, 66 yaşında Bakıda vəfat edən şair II Fəxri Xiyabanda dəfn olunub.

***

XX yüzilin 40-cı illərində ədəbiyyata gələn, ilk şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirən şairin 1950-ci ildə işıq üzü görən ilk kitabının adı da Təbrizlə başlayırdı. “Təbrizin baharı” adlı bu kitabdan sonra Mədinə Gülgün bütün ömrü boyu şeirlərində Təbrizi vəsf etdi, Təbrizə can atdı, Təbrizin həsrətinin ağırlığını qəlbində daşıdı, bu sevgini, nisgili inci-inci şeirlərinə səpələdi… Şairin Bakıda və Moskvada 1950-1983-cü illər arasında gün üzü görən “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” (poema), “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” kimi onlarca şeir kitabının aparıcı mövzusu Güney həsrətidir. Lirik şeirləri və mahnıları dillər əzbəri olan Mədinə Gülgün yaradıcılığında Təbriz xiffəti, Araz nisgili, Savalan həsrəti əsas leytmotivlər kimi diqqəti cəlb edir:

Qayıdaydıq o təbrizli gunlərə,

Arzularım qönçəsindən çıxaydı,

Saçlarıma yaz yağışı yağaydı…

Zərif bir poetik ahənglə dilə gətirilən bu nisgil onun bütün varlığına hopmuş, həyatını, fəaliyyətini yönləndirmişdir. Təsadüfi deyil ki, bu iki Güney həsrətli şairin – Balaş Azəroğlu və Mədinə Gülgün ailəsinin ilk övladı dünyaya gələndə ona “Araz” adını vermişdilər. Bununla da yolları yaxın etməyə, üstündəki Xüdafərin körpüsüylə məhz Arazın onları əlçatmaz Təbrizə, ünyetməz Savalana qovuşduracağına inam ifadə etmişdilə… Bir-birinin fikir, amal, sənət dostu, ömür-gün yoldaşı olan bu iki dəyərli şairimiz həsrətə birlikdə tablaya bilmiş, yaradıcılıqlarında eyni hiss və duyğuların poetik ifadəsini vermişlər. Balaş Azəroğluna həsr etdiyi şeirdə Mədinə Gülgün yazır: “Nə yaxşı ki, el dərdini qoşa çəkdik”.

Vətən təəssübkeşliyi, Təbriz həsrəti şairin “Nənələr və nəvələr”, “Xatirələrimin nəğməsi”, “Ürəklərdə, nəğmələrdə yaşayanlar”, “Dastana çevrilmiş həyat” kimi poemalarında da diqqəti cəlb edən başlıca keyfiyyətdir. “Bir torpaq üstündə dogulmuşuq biz, Bir qolum Bakıdır, bir qolum Təbriz” deyən Mədinə Gülgün ömrünün çox hissəsini Bakıda yaşasa da, bir an belə Təbrizi unutmur, köksündə bütöv bir Vətən sevgisini gəzdirirdi.

Xalq şairi Rəsul Rza 1978-ci ildə “Azərbaycan qadını” jurnalında dərc olunmuş “Həsrət, ümid, inam nəğmələri” adlı məqaləsində Mədinə Gülgün poeziyasını geniş təhlil edərək şairin poeziyasında Təbriz mövzusunun önəmli yer tutduğunu göstərirdi. Mədinə Gülgünün həzin nəğmələrinin oxucunu “incikli xatirə yolları ilə” Təbrizin qoynuna apardığını vurğulayan Rəsul Rza yazırdı: “Sən Təbrizin küçələrinin, məhəllələrinin adını çəkirsən. Mən onlardan çoxunu görə bilmədim. Mənim xəyalımda Təbriz bir xalqın tarixi, dünya mədəniyyətinə yazdığı zəngin-zəngin səhifələr, cəngavərlik dastanları, Saib şeirinin ölməz sətirləri, Xiyabanilərin, Səttarxanların, Bağırxanların, Firidunların tunclaşmış heykəli kimi bir əzəmətli, canlı abidə olaraq qalıb. Sən Təbrizin küçələrini mənim gözlərimdə bir də canlandırdın. Təbrizin həsrətini qəlbimdə yenidən oyatdın. Dodaqlarımda iki kəlmə titrədi: “Təbrizim – mənsizim”.

Doğma Azərbaycanın hər qarışını sevən, Vətənə heyranlığını, məftunluğunu şeirlərində dolğun bədii boyalarla ifadə edən Mədinə Gülgünün bir ömür boyu sürən həsrəti də bu sevgiylə bərabər yaşadı:

Yuvası var körpəcə bir quşun da,

Mənası var qayanın da, daşın da.

Nə yaxşı ki, könlüm coşub-daşanda

Nəğmə burda havalanan olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

Yaxud:

Ey doğma vətənim, doğma torpağım

Mən əgər quş olsam yuvam səndədir.

Sənsən xilaskarım, sənsən dayağım,

Loğman təbiətli havam səndədir.

Təbriz mövzulu şeirləri içərisində qəm, kədər yükü daha ağır olan, insanı dərdin dərinliyinə çəkən poetik örnək kimi “Telefon xətlərində” şeiri diqqəti cəlb edir. Şeirdə şairin həyatında baş verən təsirli bir hadisədən bəhs olunur. Mədinə Gülgün otuz illik ayrılıqdan sonra Arazın o tayında qalan anası ilə ilk dəfə danışır. Bu şeirin yaratdığı poetik ovqatı, duyğular təlatümünü sözlə ifadə etmək imkansızdır. Şair yazır:

Telefon xətlərində bir səs düşdü dünyaya,

Telefon xətlərində birləşdi ana-bala.

Bir ananın səsindən sanki üşüdü dünya,

Bir balanın səsindən göy ağladı az qala.

…Sona çatdı nəhayət telefon görüşümüz,

Elə bil bir qəriblik yayıldı Yer üzünə.

Görüşərkən təzədən ayrılmalı olduq biz,

Anam da, mən də sonsuz nağıla döndük yenə…

Lakin nə qədər gileylənsə də, kədəri ilə oxucunu hüzünləndirib dərin düşüncələrə qərq etsə də, onun içindəki ümid, xoşbəxt sabaha inam azalmadı, solmadı. Vətəni, milləti zamanın amansız sınaqlarından keçən, yurd həsrəti taleyinə, ömrünə kölgə salan şair əsla ruhdan düşmədi, yorulmadı, bir gün sahillərin qovuşacağına inandı…

Mədinə Gülgünün poeziyasında incə bir lirizm var. Onun qələmə aldığı “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, “Göy-göl, “Ağ badam çiçəkləri” və digər bu qəbildən olan şeirlərdən dənizin qoxusu gəlir, dalğaların təbəssümü görünür, “ulduzdan mirvarisi, Aydan tacı olan” Göy-gölün ülvü gözəlliyi duyulur, bərəkətli torpaqlarımızın arzusu çiçəkləyir… Onun şeirləri bu xəfif poetik ahəngi, incə lirizmi sayəsində bəstəkarların diqqətini cəlb etmiş, sözlərinə mahnılar bəstələnmişdir. Ələkbər Tağıyevin Mədinə Gülgünün şeirinə bəstələdiyi “Sən gəlməz oldun” mahnısının Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasında sevilməsi də müəllifin lirik-romantik duyğularının, şeiriyyətinin təntənəsi kimi əlamətdar hadisədir.

O, həmişə taleyini vətənin taleyinə bağladı, könlü vətənlə açıldı, qəlbi onun dərdi ilə sıxıldı. Yaşının ağbirçək çağlarında 20 Yanvar faciəsinin şahidi oldu, Vətənin ağır günlərini gördü, Qarabağ dərdini yaşadı… Azərbaycanın bağrından qara qanlar axanda Vətən sevdalı şairin ömründən ömür getdi. Yaralı ürəyinə xəncər saplandı sanki. 1990-cı ilin 20 Yanvar faciəsi onun poeziyasında qəmli misraların ağır ahəngi ilə göründü. Şeirlərinə hopan ümummilli kədərimiz şairin ruhunu sarsıtdı. Şəhidlərə ürəkdən yanan, acı göz yaşları tökən şair “Bu şəhid balaların ölən vaxtı deyildi” deyərək onların dərdi ilə fəğan qopardı.

Mədinə Gülgün mənalı ömrünü bütövlükdə Vətəninin azadlığı, millətinin taleyi üçün yaşadı. Bu ömrün yaşantıları, zərif ruhlu qadın şairimizin könül çırpıntıları büllur kimi saf şeirlərə hopdu, əbədiyyət ömrü qazandı. Vətən də onun fədakar ədəbi fəaliyyətini hər zaman yüksək dəyərləndirdi. Mədinə Gülgün Azərbaycan qanunverici orqanının “Fəxri fərmanları (1960, 1974, 1986) ilə təltif olunub. Ona yüksək dövlət mükafatı sayılan “Şərəf Nişanı” ordeni (1980) verilib, Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Xanım şairimiz həmçinin “21 Azər” (1946, Təbriz), “Əmək veteranı” (1948, Bakı) medalları ilə təltif olunub. Əsərləri kütləvi tirajlarla işıq üzü görüb, müxtəlif dillərə tərcümə olunaraq nəşr edilib. Amma onun ən böyük təltifi, qazandığı ən uca mükafatı oxucu sevgisi olub. Bu gün Mədinə Gülgünün adını yaşadan, əsərlərini dillər əzbəri edən, xatirəsini ehtiramla anan xalqımızın öz şair qızına sevgisi hər zaman var olacaqdır.

Ruhu şad olsun!

Teqlər: