Güney Azərbaycanın, özəlliklə Təbrizin uzun illər boyu İranda xalçaçılıq sənayesinin əsas mərkəzi olmasına baxmayaraq, hazırda bu sahə acınacaqlı durumdadır.
AzerTimes xəbər verir ki, təbrizli xalçaçılar və xalça satıcıları sosial media hesablarında bu barədə paylaşım edirlər.
Bir sıra xalçaçı paylaşımında bir neçə il öncəyə kimi əyalətin əsas gəlir gətirən sahələrindən olan qədim sənətin iflas səbəblərinə toxunur.
Əldə toxuma xalça istehsalı və ixracatı ilə məşğul olan və hazırda müflis olduğunu deyən Beytullah Azəroğlu hökumətin bu sahəyə diqqətsizliyinin məqsədyönlü olduğunu deyir:
“Şərqi Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı onun potensialına uyğun deyil və bu sənayenin imkanlarından yetərincə istifadə olunmur. Ölkənin əldə toxuma xalça ixracatının 35%-i Şərqi Azərbaycanın hesabına baş tuturdu. Bu, hazırda İsfahanın xeyrinə dəyişilməkdədir. Şərqi Azərbaycanda xam malın bahalaşması, hökumətin subsidiyaları ləğv etməsi və xalça toxuyanların əksəriyyətinin sığorta xidmətlərindən istifadə edə bilməməsi bu sahənin zəifləməsinə səbəb olub”.
Təbriz Əldə Toxuma Xalçaçılar Birliyinin başçısı Əhəd Əzimzadə isə bölgənin mədəni rəmzinin gec olmadan dirçəldilməli olduğunu bildirib:
“Təbriz xalçası Azərbaycan bölgəsinin mədəni rəmzi kimi özünün keçmiş mövqeyini bərpa etməlidir. Buna görə də biz bütün səylərimiz istehsal və ixracatda dirçəlmə və canlanmanın baş verməsinə həsr etmişik”.
Qeyd edək ki, Şərqi Azərbaycanda əldə toxuma xalça sənəti ortalama 250 min nəfərin birbaşa və dolayı məşğulluq sahəsi olduğu üçün bölgə iqtisadiyyatı, eləcə də əhalinin maddi təminatında əhəmiyyətli rol oynayır.
2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya xalçaçılıq şəhəri” adına layiq görülüb.