TƏBİB: neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkiminin TƏBİB-lə müqavilə əsasında işlədiyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

TƏBİB-dən AzerTimes-a daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində yer alan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyiblər.

Birmənalı şəkildə bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-in Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz.

Onu da bildirək ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri barədə müraciət etmişik. Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib. Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.

Teqlər: