TƏBİB müharibədə iştirak edən tibb işçilərini təltif etdi (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Yeni Klinika” Tibb Mərkəzində TƏBİB-in təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbirdə İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in struktur bölmə rəhbərləri , “Yeni Klinika” Tibb Mərkəzinin direktor vəzifəsini icra edən Musa Abbasov, Vətən müharibəsində ön cəbhə xəstəxanalarında çalışan bir qrup tibb işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən TƏBİB sədri Vüqar Qurbanov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsinin böyük tarixi hadisə olduğunu bildirib. Vüqar Qurbanov ölkə başçısı tərəfindən məqsədli şəkildə cəbhə xəttinə yaxın yerlərdə xəstəxanaların inşa edilməsinin, eyni zamanda həmin xəstəxanalarda çalışan ixtisaslı tibb işçilərinin qazanılmış zəfərdə müstəsna rolu olduğunu qeyd edib, ölkəmizdə fəaliyyət göstərən tibb işçiləri ilə yanaşı, könüllü şəkildə xarici ölkələrdən gəlmiş azərbaycanlı həkim heyəti tərəfindən minlərlə əsgərə göstərilən fasiləsiz tibbi xidmətdən bəhs edib.

Çıxış edən Vətən müharibəsində könüllü xidmət göstərmiş Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin koordinatoru, həkim-cərrah İmran Qurbanov həkim olaraq Vətən müharibəsində xidmət etdiyi üçün böyük qürur hissi keçirdiyini bildirib.
Daha sonra ön cəbhədə xidmət etmiş bir qrup tibb işçisinə “Təşəkkürnamə” təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş digər tibb işçiləri də mərhələli şəkildə təltif ediləcəklər.

Teqlər: