Teatrlarımız mövsümə necə hazırlaşır, hansı yeniliklər olacaq? – SORĞU

Xəbər - Çingiz Səfərli – Trend:

Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 1-dən teatrların fəaliyyəti bərpa edilib. Bəs teatrlarımız mövsümə necə hazırlaşıb, yeniliklər nələrdir və tamaşaçıların marağı hansı səviyyədədir?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı AzerTimes-a açıqlamasında bildirib ki, mövsümün açılışını oktyabrın 15-də “Qarabağnamə” tamaşası ilə etməyi planlaşdırırlar:

“Oktyabr ayı ərzində yalnız şənbə-bazar günləri tamaşalar təqdim olunacaq, noyabrdan etibarən isə biz pandemiyadan əvvəlki ənənəvi repertuar siyasətimizi davam etdirəcəyik. Akademik Milli Dram Teatrının tamaşalarına həmişə maraq olub. Tamaşaçı sarıdan problem yaşamamışıq və inanırıq ki, bundan sonra da belə olacaq. 17-18 ay az bir müddət deyil. İnsanlar teatrların bağlı olması ilə əlaqədar öz narahatlıqlarını tez-tez bildirirdilər. Ona görə inanırıq ki, ayın 15-dən teatrın qapıları tamaşaçıların üzünə açılandan sonra onlar bilet alacaq və əvvəlki maraq və meyil bərpa olunacaq. Maraqlı repertuarımız var. Bura həm Azərbaycan, həm də dünya dramaturgiyası aiddir. Bir də pandemiyadan əvvəl “Filumena Marturano” adlı yarımçıq qalan bir tamaşamız var idi. İlk işlərimizdən biri də tamaşanın məşqlərini bərpa edib, premyerasını keçirmək olacaq”.

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva AzerTimes-a bildirib ki, əslində teatr pandemiya dövründə qismən fəaliyyət göstərib. Onun sözlərinə görə, yeni mövsümdə bəzi yeniliklər də olacaq:

“May-iyun aylarında karantin qaydalarına riayət etməklə balet truppası klassik dərslərə başlamışdı. Sentyabrın 1-dən isə vokal truppası, xor və simfonik orkestrimizin məşqləri bərpa edilmişdi. Sentyabrın 21-də uzun fasilədən sonra Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “Leyli və Məcnun”, ayın 24-də isə Cüzeppe Verdinin “Traviata” operası təqdim olunmuşdu. Qeyd etmək istəyirəm ki, tamaşalarımıza böyük maraq var. Çoxlu zənglər olur. Tamaşaların vaxtı, hansı tamaşaların göstəriləcəyi, biletləri necə əldə etməyin mümkün olduğu və qiymətləri ilə maraqlanırlar. Yeri gəlmişkən bildirim ki, biletlərin qiymətində heç bir dəyişiklik olmayıb. Teatrların fəaliyyəti bərpa ediləndən sonra oktyabrın 9-da ilk tamaşamızın, rus bəstəkarı A.Borodinin “Qıbçaq rəqsləri” baletinin premyerası olacaq. Bu, yeni tamaşadır. Daha bir yenilik isə Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Fikrət Əmirovun “Nizami” baletinin yeni quruluşda səhnəyə hazırlanmasıdır. Baletin premyerası noyabrın 20-də baş tutacaq. Bundan başqa Cahangir Cahangirovun 100 illik yubileyi şərəfinə onun “Xanəndənin taleyi” operası bərpa olunacaq və dekabrda göstəriləcək”.

Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın AzerTimes-a verdiyi məlumata görə isə teatrların fəaliyyətinin bərpa olunmasını tamaşaçılar da sevinclə qarşılayıblar və hər gün sosial şəbəkə üzrində çoxsaylı məktublar alırlar:

“Teatra maraq həmişəki kimi var. Bu, elə bir sahədir ki, zorla kiminsə qolundan tutub gətirmək olmaz ki, gəl, tamaşamıza bax və s. Lakin teatrsevərlərin çoxluğu bizi sevindirir. Teatrın açılması xəbərini eşidən daimi tamaşaçılarımızın sırasına qoşulan yeni izləyicilərimiz də nümayiş etdirəcəyimiz səhnə əsərləri ilə maraqlanırlar. Artıq elan etmişik ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 112-ci mövsümünü 30 oktyabr saat 19:00-da “O olmasın, bu olsun” Ü.Hacıbəyli) tamaşası ilə açıq elan edəcək. 31 oktyabr saat 19:00-da isə mərhum sənətkarımız, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə ithaf olaraq “Qızıl Toy” (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq. Teatrımız pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yeni mövsümünə böyük həvəs və məsuliyyətlə hazırlaşır. İl yarım onlayn rejimdə çalışan teatr təbii ki, birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən ​keçməlidir. Oktyabr ayının 1-dən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılıb. Bir əsas məsələni də vurğulayım ki, tamaşaçılarımızın teatra girişinə Covid pasportla icazə veriləcək, onlardan pandemiya qaydalarına, sanitar –gigeyenik normalara ciddi əməl etmələri, maska taxmaları, tamaşa zalında oturacaqlararası məsafəni gözləmələri tələb olunacaq. Daha konkret desək, tamaşaçıları zalda şahmatvarı formada əyləşdirəcəyik. Ümid edirik ki, bütün çətinlik və maneələrə baxmayaraq, tezliklə Akademik Musiqili Teatr əvvəlki məcrasına qayıdacaq, bir-birindən gözəl və maraqlı tamaşaları ilə öz qapılarını sevimli tamaşaçılarına aça biləcək, təxirə salınmış bir çox layihələrini yenidən reallaşdıracaq”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatrların fəaliyyəti koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martın 7-dən dayandırılmışdı.

Nazirlər Kabinetinin qərarına əsasən 2021-cil oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilib. Yaşı 18-dən yuxarı olan şəxslər həmin məkanlara yalnız COVID-19 pasportuna sahib olduqları halda və ya COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Twitter: @cingizsafarli

Teqlər: