TDT-yə dil uzadan Borrellə Orbanın şillə kimi cavabı…

TDT-yə dil uzadan Borrellə Orbanın şillə kimi cavabı…

Macarıstanın Baş naziri Viktor Orban TDT-nin iclasına AB təmsilçisi kimi yox, Macarıstanın Baş naziri kimi qatılıb. Bu iclasa qatılmaq Macarıstanın strateji mənfəətidir. Bu baxımdan, Viktor Orban və onun siyasi məsələlər üzrə köməkçisi Balazs Orbanın Borrellə reaksiyası şillə kimi cavabdır.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Borrell Macarıstanın strateji maraqlarını qarşılaya bilməz:

“Macarıstan türk dünyasının bir parçası, TDT-nin də müşahidəçi üzvüdür. Qətiyyəti də var və bu qətiyyətlə də TDT-də iştirak edir. Borrellin bu işə burnunu soxması isə onun əsl niyyətini ortaya çıxarıb – bu, sadəcə bir qısqanclıqdır! Orbanların cavabı, ümid edirəm, Borrellə yaxşı bir dərs olar”.

TDT-nin AB-dan daha güclü bir təşkilat olacağına şübhə etmədiyini deyən Kılıç Qərbin türk dövlətlərinə, xüsusilə Azərbaycan qazına olan asılığına toxunub:

“TDT üzvləri neft və təbii qaz baxımından olduqca zəngin ölkələrdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayır. Macarıstan, Serbiya, Yunanıstan, İtaliya kimi ölkələr Azərbaycanın qazından istifadə edir. Azərbaycanın siyasi maraqlarını hesablamaq Borrellin vəzifəsi deyil.

TDT dil, soy, mədəniyyət əsasında qurulan təşkilatdır. Ölkələr arasında məhz bu bağlar var. AB TDT-yə üzv olan ölkələrin enerjisinə, neftinə və qazına möhtacdır. Ona görə də diqqətli olsunlar. 3 il əvvəl AB komissiyasından gəlib, Azərbaycandan qaz dilənirdilər. Hətta Azərbaycandan Orta Asiya türk dövlətləri ilə əlaqələrinin genişlənməsi üçün vasitəçi olmasını istədilər. Ona görə də TDT ilə yaxşı dolanmaq AB-nin işinə yarayacaq”.

Kılıç bənzər haqsız münasibətin ŞKTR üçün də sərgiləndiyini xatırladıb:

“2005-ci ildə Kiprə edilən haqsızlıq ortadadır. Referendum keçirildi, türk tərəfi “bəli”, yunan tərəfi “xeyr” deməsinə rəğmən yunan tərəfini AB-yə alaraq, Kipr məsələsini çıxılmaz hala gətirdilər. Dolayısı ilə Kipr Respublikasını tanımaqla AB və BMT tamamilə haqsız davranış sərgilədi. Kuzey Kıprıs təqribən 50 ildir müstəqil dövlət kimi mövcudluğunu davam etdirir, bütün haqsızlıqlara, embarqolara baxmayaraq, irəliləyir. Bu dövlət hazırda TDT-də müşahidəçi üzvüdür, yaxın zamanda tam üzv olacağına ümid edirik”.

Qeyd edək ki, Borrell Orbanın Şuşaya səfəri, TDT sammitində iştirakı və burada ŞKTC-nin liderinin olmasından “narahatlığını” ifadə edib. Bildirib ki, Orban Moskva və Şuşaya səfəri zamanı AB-ni təmsil etməyib. Buna reaksiya olaraq, Viktor Orbanın siyasi məsələlər üzrə köməkçisi Balazs Orban isə “Biz nahar edə bilərik, yoxsa ondan ötrü də AŞ-nin mandatı lazımdır?” – cavabını yazıb.

Teqlər: