TDT Qarabağa diqqəti artırır: vahid əlifba, müştərək fond…

TDT Qarabağa diqqəti artırır: vahid əlifba, müştərək fond…

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. Sammit zamanı Türkmənistanın təşkilatın tamhüquqlu üzvü olacağı gözlənilir. Oktyabr ayı ərzində təşkilatın baş katibi Bağdad Amreyev sammitin iclasının hazırlanması ilə məşğul olub. O, ayın əvvəlində Qazaxıstanın xarici işlər naziri ilə görüşün gündəmini müzakirə edib, daha sonra Ərzincandakı Binəli Yıldırım Universitetində tədris ilinin açılış mərasimi üçün Türkiyəyə gedib. Oktyabrın 17-də İstanbulda Təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib və burada Özbəkistanda keçiriləcək sammit zamanı imzalanması planlaşdırılan sənədlərin layihələri təsdiqlənib.

AzerTimes xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”da dərc edilən analitik məlumatda qeyd edilib.

Bildirilib ki, bundan sonra diqqət Azərbaycana yönəlib: oktyabrın 19-da Bakıda Təşkilatın üzvü olan ölkələrin müsəlman dini liderlərinin üçüncü toplantısı keçirildi və bu toplantıda Amreyev də iştirak etdi. Ertəsi gün iclas iştirakçıları Şuşaya getdi və burada üzv ölkələrin Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirildi. Şuşada ruhani liderlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarix, mədəniyyət və dini abidələrin bərpasında əməkdaşlıq haqqında birgə bəyanat qəbul etdilər:

“Oradan təşkilatın baş katibi oktyabrın 21-də Bakıya qayıtdı və burada Azərbaycan Prezidenti İlham Əliyev onu vəzifədə səmərəli fəaliyyətinə, Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etdi.

Dünən isə təşkilatın baş katibi Özbəkistanın investisiyalar və xarici ticarət naziri ilə görüş keçirib. Maraqlıdır ki, Səmərqənd sammiti öncəsi daha bir əlamətdar hadisə baş verəcək: oktyabrın 27-28-də TDT-nin nəqliyyat nazirləri beynəlxalq yükdaşımaların inkişafı, regionun tranzit potensialının artırılması və digər məsələlərlə bağlı müzakirələr aparmaq üçün Daşkənddə toplaşacaqlar. İclas çərçivəsində təşkilata üzv ölkələrin dəmir yolu administrasiyaları ilk dəfə bir araya gələcək və təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci iclası da keçiriləcək. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır. Amreyev əvvəllər qeyd edib ki, ilkin büdcəsi təxminən 500 milyon dollar təşkil edəcək və onu 1 milyard dollara çatdırmaq planını nəzərdə tutan müştərək investisiya fondu üçün Qarabağ regionu xüsusi əhəmiyyət kəsb edəcək. Burada birgə müəssisələrin yaradılması planlaşdırılır. Təşkilata üzv dövlətlərin iqtisadiyyatlarının yaxınlaşması gözlənilir”.

Qeyd olunur ki, Sammitdə latın əlifbası əsasında vahid əlifbanın yaradılması məsələsinə də baxılacaq:

“Sentyabrın sonunda Türkiyənin Bursa şəhərində keçirilən xüsusi seminarda əlifba məsələsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri tərəfindən qaldırılıb. Vahid əlifbanın yaradılması üzrə Komissiyanın ilk iclası Bişkekdə keçiriləcək”.

Teqlər: