TDƏŞ-in Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevi təbrik edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AzerTimes xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib.

Həmçinin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edərək bildirmək istərdim ki, Sizin sədrliyinizlə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşünün nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib. Bu Zirvə görüşlərindən sonra təlimatlarınıza uyğun olaraq Türk Şurası çərçivəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri daha da genişlənərək enerji, kənd təsərrüfatı, səhiyyə və miqrasiya sahələrini də əhatə edib.

Eyni zamanda, xüsusilə vurğulamaq istərdim ki, bu il martın 31-də Türküstan şəhərində keçirilmiş qeyri-formal Zirvə görüşündə üzv dövlətlərimiz Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə ifadə ediblər.

Zati-alinizin liderliyi və qətiyyəti sayəsində Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduğumu bildirmək istərdim.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.

Teqlər: