Tbilisi meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

AzerTimes xəbər verir ki, qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edən nümayəndə heyətinə Şəhidlər Xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayaraq, kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd ediblər. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını qeyd ediblər.

Teqlər: