“Tayms”da Laçın yolundakı aksiyadan danışıldı – Video

“Tayms”da Laçın yolundakı aksiyadan danışıldı – Video

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Krallığın nüfuzlu “Tayms” (The Times) radiosunda müsahibəsində Xankəndi-Laçın yolundakı aksiyadan, habelə digər mövzulardan bəhs edib.

Bu barədə AzerTimes-a Azərbaycanın Londondakı Səfirliyindən bildirilib.

Aparıcı Lyusi Fişer ilk olaraq, Xankəndi-Laçın yolunda askiyanın əsas məqsədi barəsində maraqlanıb. Səfir Xankəndi-Laçın yolunda ekofəalların aksiyasının əsas tələbinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyası olduğunu və yolun humanitar məqsədlərlə yox, daha çox mina, silah-sürsat daşınması üçün istifadə olunduğunu həmçinin, üçtərəfli razılaşmanın heç bir bəndinə uyğun olmayaraq, hələ də Xankəndidə 10 000 nəfərdən çox erməni hərbçisinin qaldığını bildirib.

Aksiya iştirakçıları qətiyyən heç bir təhlükə və aqresiya daşımır və həftə ərzində yüzlərlə maşının həmin yoldan tamamilə maneəsiz keçməsi heç bir blokada olmamasının bariz sübutudur.

Səfir Ruben Vardanyan kimi təxribatçıların nəinki Qarabağda yaşayan ermənilər üçün, həm də Ermənistan üçün təhlükə daşıdığını bildirib və qeyd edib ki, bunu həmin ölkənin rəhbərliyi də anlayır. Bunun əvəzində ermənilər Azərbaycanın dayanıqlı sülhə çağırışlarını müsbət qiymətləndirməli, tarixi fürsətdən istifadə etməlidirlər. Doğru addım atacaqları təqdirdə, nəhayət müstəqilliyinin rəmzi şəkildə elanından 30 il sonra Ermənistan özünü sözün əsl mənasında müstəqil dövlət kimi formalaşmasına və dayanıqlı inkişafa başlaya bilər.

Müsahibə ərzində səfir Qarabağda yaşayan ermənilərin sayının 120 000 nəfər deyil, bundan az olduğunu bildirib.

Daha sonra Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı törədilmiş terror aktı haqda söz açılıb, hadisə qətiyyətlə pislənilib və təqsirkarların tezliklə araşdırılmalı olduğu bildirilib.

Nəticə etibarilə dayanıqlı sülh, regionda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası Ermənistan və Azərbaycan üçün mühüm olmaqla yanaşı, bütün regionda davamlı inkişafın qarantıdır və bu prosesdə bizim bütün region üçün o cümlədən, Ermənistan üçün əsas etibarlı tərəfdaş Türkiyədir.

Teqlər: