Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ölkədə yanğın təhlükəsizliyinin aidiyyəti üzrə təmin olunması istiqamətində vəzifələrinin icrasını davam etdirir.
FHN-dən AzerTimes-a verilən məlumata görə, iyunun 28-də Cəlilabad rayonu, Ağdaş kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Valeh Şirinzadə tərəfindən ona məxsus həyətyanı sahədə təmizlik işləri apararkən ehtiyatsızlıqdan törədildiyi və yanğının biçilmiş taxıl sahəsinə keçdiyi müəyyən olunub.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək həyətyanı sahədə təmizlik işləri zamanı açıq alovdan istifadənin yolverilməz olduğunu xatırladır, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinə çağırır.