Tarixi Zəfər, Zəfər yolu, Zəfər Muzeyləri, Zəfər Qurultayı…

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır

“Bu günlər dünyanın diqqəti yenidən Azərbaycanın döyünən ürəyi,
Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi
Zəfərimizdən sonra keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı
tarixə Zəfər Qurultayı kimi daxil oldu. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında
proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi
qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına,
diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd
uğrunda mübarizə aparması istiqamətində atılan addımlara,
həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi
töhfələrə bir baxış keçirdi, həm də qarşıdakı dövrün
prioritetlərini açıqladı. Əsas hədəf Zəfərimizin reallıqlarını
dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün səfirliklərimizin,
diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar edildi.
Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən
sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan
Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların
ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün,
xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin
nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44
günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının
qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi
mənası vardır. Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu,
ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradılması və
sair kimi mühüm məqamlar özündə böyük bir mənanı ehtiva edir.
Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən
güclü ordusu kimi tarixə yazıldı. Ölkə Prezidentinin qeyd etdiyi
kimi, Zəfər adı xalqımıza çox yaraşır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin çıxışında öz
əksini tapan məqamlara diqqəti yönəldərək bildirib ki, müstəqillik
dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi
Zəfərin əldə olunmasında misilsiz xidmətləri vardır. Müzəffər Ali
Baş Komandan bütün çıxışlarında, o cümlədən Zəfər Qurultayında hər
birimizdə böyük qürur hissi yaradan bu məqamı xüsusi qeyd etdi. Bu
gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin
siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında,
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb.
Gənclərimiz silaha sarılaraq qanları, canları ilə tarix yazdılar və
bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa,
Vətəndir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti bir məktəbdir.
İndiki və gələcək nəsillər bu məktəbdən bəhrələnərək milli ruhda,
vətənpərvərlik ruhunda böyüyəcək, şəhidlərimizin qanı, canı
bahasına alınan torpaqlarımızı göz bəbəyi kimi qoruyacaq, üçrəngli
bayrağımızı daim zirvələrdə dalğalandıracaqlar.

YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının I
Qurultayının keçirildiyi 2001-ci ilin Azərbaycanı ilə bugünkü
Azərbaycanın paralel şəkildə müqayisəli təhlilini aparıb: “O zaman,
həmçinin cənab İlham Əliyevin Prezidentlik dövründə keçirilən
qurultaylarda bir məqsəd, məram açıqlanırdı: Torpaqlarımızı
işğalçılardan təmizləmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa
etmək. Dövlət başçısı İlham Əliyev məlum çıxışında ulu öndər Heydər
Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində
səsləndirdiyi bu çağırışa da diqqəti yönəltdi: “Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan
azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına
qayıdacaq.” Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan iqtisadi
cəhətdən daha da möhkəmləndi, güclü, qüdrətli ordu formalaşdırıldı,
bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində
möhkəm hüquqi baza formalaşdı. Azərbaycana beynəlxalq dəstək artdı.
Ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələri yüksələn
xətlə inkişaf edərək həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun
şəkildə çatdırılmasına geniş imkanlar yarandı. Bu fonda böyük inam
və fəxrlə qeyd edə bilərik ki, Ulu Öndərin layiqli davamçısı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Onun bu
istəklərini, arzularını gerçəkləşdirdi. Dünya Azərbaycanlılarının V
Qurultayı üçün Qarabağın, Türk dünyasının mədəniyyət paytaxtı
Şuşanın məkan seçilməsi özündə bütün məqamları birləşdirməklə
yanaşı, onları bütün təfsilatı ilə həm ölkə, həm də dünya
ictimaiyyətinə çatdırır.”

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan
azad edilmiş ərazilərə bütün səfərlərində diqqət göstərdiyi
məqamlardan biri havanın da bu sevinci yaşaması olur” söyləyən
Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidenti Şuşada dünya
azərbaycanlılarının qarşısındakı nitqində də bu sevinci xüsusi
vurğulamışdır ki, Şuşa öz doğmalarını bax, belə günəşli hava ilə
qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi
torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

“Hər bir tarixi hadisə, keçirilən hər bir tədbir Zəfərimizin
reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Ötən dövrün
hesabatını özündə əks etdirən Zəfər Qurultayından Ermənistana və
ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə
qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə
yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun
fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar
aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh
siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu. Bir
daha açıqlandı ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var,
münaqişəli məsələlərin həllində onların rolu inkaredilməzdir. Necə
ki, Azərbaycan Ordusu bu günədək yaradılan hüquqi bazaya söykənərək
düşməni döyüş meydanında məğlub etdi, Cənubi Qafqazda erməni
faşizmini məhv etdi. Dövlət başçısı İlham Əliyev nitqində erməni
faşizminin təzahürlərinin qaldığını bir daha vurğulayaraq onu da
əlavə etdi ki, Ermənistanda bəzi dairələr və dünya erməniliyi
Azərbaycanı hədələməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin
tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün Azərbaycan Ordusu
daha güclüdür və istənilən vəzifəni icra edə bilər”,-deyə YAP Xətai
rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, postmüharibə dövrünün
reallığı göstərir ki, Azərbaycan bu çətin sınaqdan da şərəflə çıxdı
və bütün dünya regionda yaranmış yeni reallığı qəbul etdi.
Azərbaycan təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə
aparmayıb, onun himayədarları ilə müharibə aparıb və Qələbə
qazanıb. Qələbənin tarixi əhəmiyyəti həm Azərbaycanın, həm də
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Xaricdə
yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini
yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin
davam etdirilməsinə böyük zərurət var.

YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham
Əliyevin Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısında
qoyduğu vəzifələrə yönəldib: “Diaspor təşkilatları, bütün fəallar
yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə
yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir.
Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini
maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay,
Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə
azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə
həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün
gerçəkliklərini onlara çatdırmalıdırlar.”

Vüqar Rəhimzadə tarixə Zəfər Qurultayı kimi yazılan Dünya
Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin özündə
ehtiva etdiyi rəmzi məna ilə yanaşı, bu özəlliyi də xüsusi qeyd
edib ki, ötən qurultaylarda Azərbaycanın uğurlarından geniş bəhs
olunsa da torpaqlarımızın işğal altında olması bir mənəvi sıxıntı
yaradırdı: “Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ
müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də
bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
milli qürur məsələsi idi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik
ki, ərazi bütövlüyümüz təmin olundu. Milli qürurumuz özümüzə
qayıtdı, torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq
işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy
göstəririk. Dövlət başçısı İlham Əliyevin “Bu gün alnımız açıqdır,
üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra
Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib
dövlət kimi əbədi yaşayacaq” fikirləri bugünkü qalib Azərbaycanın,
yenilməz xalqımızın təqdimatı oldu.”

Teqlər: