Tarixi Zəfər əbədi qürur mənbəyimiz olacaq – Düşməni darmadağın edən pilotlar (FOTO/VİDEO)

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı tətbiq etdiyi uğurlu hərbi taktikalar, fərqli hərbi əməliyyatlar hələ də xarici ekspertlər və media tərəfindən qiymətləndirilir. Müharibənin başa çatmasından 1 il keçməsinə baxmayaraq, bir sıra xarici hərbi mütəxəssislər qısa zamanda zəfər çalmağı bacaran ordunun aviasiyasını, quru qoşunlarının fəaliyyətini analiz edirlər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabitləri, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Nadirov və Vətən Müharibəsi Qəhrəmanı Səfər Qurbanov AzerTimes-a müsahibələri zamanı Hərbi Hava Qüvvələrinin keçdiyi döyüş yolundan bəhs ediblər.

R.Nadirov bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri yalnız müharibə dövründə yox, sülh dövründə də 24 saat döyüş növbətçiliyi təşkil olunmaqla Azərbaycanın hava məkanını qoruyur:

“Ermənilərin törətdiyi hərbi təxribatların qarşısının alınmasına dair Ali Baş Komandan Prezident İlham Əliyevin qəti tapşırığı və rəhbərlərimizdən aldığımız əmrlə 2020-ci il 27 sentyabrda döyüş əməliyyatlarına başladıq. Biz əməliyyatlarda düşmənin hücuma keçən quru qoşunlarını məhv etmək, eyni zamanda əkshəmlədə iştirak edən qoşunlarımızın, Xüsusi Təyinatlı Qüvvələrin əməliyyatlarını dəstəkləmək məqsədilə iştirak edirdik. Aldığımız tapşırıq Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində əkshücum əməliyyatlarında iştirak edən qüvvələrimizin dəstəklənməsi yönündə idi. Əsas fəaliyyətimizi Füzuli və Cəbrayıl istiqamətində Ermənistanın qurduğu mühəndis-istehkam qurğularının məhvi, orada dayanan qüvvələrin, eyni zamanda arxa cəbhədən onları dəstəkləyən artilleriya qoşunlarının və tank qüvvələrinin susdurulması təşkil edirdi. Bu da bizim Xüsusi Təyinatlı Qüvvələrimizin düşmənin mühəndis-istehkam qurğularını yarmasına və digər birliklərin həmin istiqamətdə sürətli şəkildə hərəkət edə bilməsinə şərait yaradırdı.

Düşmənin sursatla təminatı, eyni zamanda geri çəkilmə əməliyyatı zamanı onların məskunlaşmasına şərait yaratmamaq üçün ağır çəkili bombalarla mövqelərini məhv edirdik. Sözsüz ki, məqsədimiz düşmənin komanda məntəqələrini məhv etmək idi.Oraya dəqiq və sarsıdıcı zərbə vurulduqda düşmən qüvvələri darmadağın olurdu.”

S.Qurbanov isə qeyd edib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas hədəfi düşmənin havada üstünlüyünü dəf edərək öz üstünlüyünü əldə etmək, Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən düşmənin hava vasitələrini yerində məhv edərək hava sərhədlərimizin pozulmasının qarşısını almaq idi:


“Düşmən tərəfi cəbhədə məğlubiyyətlə üzləşdikdən sonra xüsusilə strateji və mülki obyektlərə, dinc insanların olduğu bölgələrə raket zərbələri endirirdi. Bizim xüsusi vəzifəmiz Mingəçevirdəki su anbarı və elektrik stansiyasının havadan mühafizəsi idi”.

S.Qurbanovun sözlərinə görə, düşmən havada üstünlüyü itirdiyi zaman cəbhədə də geri çəkilirdi: “Bu səbəbdən Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüşdə xüsusi rolu olub.

Vətən müharibəsində döyüşlərə qədər hər zaman təlimlər keçirdik. Ümumi olaraq ordumuzun yerinə yetirdiyi döyüş taktikası keçirdiyimiz təlimlərin həqiqətən də effektiv olmasını göstərdi.”

Teqlər: