İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli
tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Təbii ki, 30 ilə
yaxın dövrün çağırışları ilə bugünümüzün tələbləri, məsuliyyəti
fərqlidir. Bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişənin hələ
həllini tapmadığı dövrlərdə keçirilən tədbirlərin qalibyyət
çağırışlarının təməlində Azərbaycanın gücünün, qüdrətinin, nəyə
qadir olduğunun təqdimatı dayanırdı. Çünki Birinci Qarabağ
müharibəsində məlum səbəblərdən məğlubiyyətimiz, torpaqlarımızın
işğal altında olması hər sahədə qələbə çağırışını edirdi. Bu gün
isə tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur,
həm də məsuliyyətlidir. Dövlət başçısı İlham Əliyev aprelin 8-də
Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak
edən Azərbaycan millisinin üzvləri ilə görüşündə də bu məqamı
xüsusi qeyd etmişdir ki, bir müddət bundan əvvəl elə bu otaqda gənc
güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda
unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil
edirlər.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə idmanın inkişafına
göstərilən diqqət həyata keçirilən siyasətin əsas tərkib
hissəsidir: “Nəzərə alaq ki, idman da bir siyasətdir. Yarışlarda
qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli
bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində
ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun
möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə dünya
ictimaiyyətinin məlumatlara malik olması deməkdir. Azərbaycanda
idman sahəsində yaradılan infrastruktur beynəlxalq səviyyədə də
təqdir edilir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına,
2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi
etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı layiqincə
dəyərləndirildi. Tolerant, multikultural dəyərlərin inkişafına
böyük töhfələr verən Azərbaycan bu idman tədbirləri vasitəsilə
müsəlman dünyasında İslam həmrəyliyinin daha da
möhkəmləndirilməsinə öz töhfələrini verdi.
Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan
infrastruktur göz qabağındadır. Paytaxt və bölgələrdə inşa olunan
idman kompleksləri gənclərin idmanın müxtəlif növlərinə dərindən
yiyələnmələri üçün geniş imkanlar açır. Statistikaya nəzər salaq.
2003-2018-ci illərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda
böyük uğurlar əldə ediblər. İdmançılarımız 15 il ərzində Olimpiya
Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr
qazanıblar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında –
2004-cü ildə Afina, 2006-cı ildə Turin, 2008-ci ildə Pekin, 2010-cu
ildə Vankuver, 2012-ci ildə London, 2014-cü ildə Soçi, 2016- cı
ildə Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirak edib. İlk Avropa
Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında
isə bütün müsəlman ölkələri arasında birinci yerə yüksəldi.
Rio-de-Janeyro Olimpiya Oyunlarında Azərbaycan medalların sayına
görə 14-cü yerdə oldu. Məlum olduğu kimi, 2019-cu ilin sonlarından
eribarən koronavirus infeksiyasının dünyanı cənginə alması ilə
bağlı digər tədbirlərlə yanaşı, idman yarışlarına da məhdudiyyətlər
qoyuldu.”
“Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmanın
inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ
etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik
hisslərini gücləndirir” deyən YAP Xətai rayon təşkilatının sədri
vurğulayıb ki, dünyaya səs salan tarixi Zəfərimizdə gənclərimizin
vətənpərvərlik hissi, torpaq sevgisi böyük rol oynadı: “Bu fikir
beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın tarixi
Qələbəsinin əsasında torpaq, Vətən sevgisi dayanır. Bu,
qürurvericidir. Bu baxmdan ki, Azərbaycan xalqı tarixinə sahib
çıxan xalq olmaqla yanaşı, torpağını sevən, Vətəninin hər daşına,
qayasına bağlı olan xalqdır. Tarixi Qələbəmiz bir daha xalqımızın
bu keyfiyyətlərini nümayiş etdirdi, məğrurluğumuzu,
yenilməzliyimizi təsdiqlədi.”
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan ənənələri olan ölkə kimi
tanınır və nüfuz qazanır: “Hər bir millətin, xalqın tanınmasında
onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır.
Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha bu çağırışı
etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda,
milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna
nail olmaq üçün bütün imkanlardan istifadə edir. “Vətənpərvərliyi
daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi
Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır” söyləyən ölkə
Prezidenti bu əminliyi də ifadə etmişdir ki, Azərbaycan
vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də
maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş
qələbələrin xəbəri gələndə sevinirlər. Çünki gənc nəsil yetişir,
onlar Vətəni ləyaqətlə təmsil edirlər. Hər bir Azərbaycan vətəndaşı
öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan
dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir
ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil
şəkildə aparır. Döyüş meydanında, informasiya cəbhəsində
Azərbaycanın üstünlüyü böyük uğurumuz, illərin səylərinin,
düşünülmüş siyasətin nəticəsidir.”
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir sahədə
nümunə olduğunu önə çəkərək bildirib ki, tarixi Zəfərimiz bizi daha
möhtəşəm uğurlara səsləyir: “İki ildən sonra Parisdə Yay Olimpiya
Oyunları keçiriləcək. Gələcək yarışlarda da Azərbaycan qalib
olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə
dalğalanmasından qürur duyduğumuz üçrəngli bayrağımız yüksəklərə
qalxacaq. Dövlət başçısı İlham Əliyev görüşdə bu məqamı da xüsusi
qeyd etmişdir ki, qələbədən daha vacib ləyaqətdir. İdman
yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan
idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.”
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl,
gələcəyə yönəlmiş siyasət davamlı uğurların əsasıdır: “Möhtərəm
Prezidentimiz İlham Əliyev son 18 ildə Heydər Əliyev siyasətini
uğurla davam etdirərək bu hədəfi qarşıya qoyur ki, Azərbaycanın hər
sahədə təcrübəsi nümunə olmalıdır. Bunun üçün bütün imkanlar
mövcuddur”.