Böyük tarixi günlərdir, həddən artıq böyük. Ətrafımızda baş verənlərin miqyasını, taleyimizə təsirini təsəvvür etmək belə çətindir!
Azərbaycan son 100 ildə belə tarixi günlərdən çox keçib! Ancaq bu tarixi günlərin heç birinin müəllifi biz olmamışıq. Heç birinin!
Son 100 ildən də artıq bir dövrdə ilk dəfədir ki, tarixi günlərin, taleyüklü olayların müəllifi bizik. Biz – yəni İlham Əliyev!
İndi İlham Əliyev – bütövlükdə BİZİK!
Sanki “dünən” idi Ermənistanla aparılan danışıqlar, ən yüksək status verməyə hazır olmağımız haqda yekə kürsülərdən çarəsiz bəyanatlarımız, əvəzində 7 rayonun azad olunması çabalarımız…
Sanki dünən idi “Şuşadan, Laçından əl çəkin, bəlkə Ağdamı-zadı gördünüz” deyə bizi aşağılayan “özümüzkülərin” “acı reallıq” deyib, içimizi və yeddi qatımızı yandıran tənələri…
Tam-tamına 104 ildir ermənilərin arxasında duranlar torpaqlarımızı istilasına şərait yaradıblar!
Tam-tamına 104 ildir 9 min kv.km verməyə məcbur olduğumuz Ermənistan “sınırlarından” çıxıb üstümüzə gəlirdi: hər il geri çəkilirdik, hər dəfə ayağımızı bir addım geri qoyurduq.
Bunun hesabına 29,8 min kv.km-ya çatdırmışdı ermənilər ərazilərini, amma yenə sərhədlərinə sığmırdılar, basıb keçmişdilər üstümüzə, 17 min kv.km-nı qatmışdılar özlərinə.
90-cı illərin sonunda bir “şüar” atılmışdı ortaya: cəhənnəm, 12 mini qaytaraq, 4,4-ə gücümüz çatmasa da.
Bu “cəhənnəm” lənətini cənnət alqışına İlham Əliyev çevirdi! Torpaqlarımızın erməni-sovet işğalının 100-cü ildönümündə İlham Əliyev dövrü başladı!
Son yüz ildə ilk dəfə torpaqlarımızı gücümüzlə, qüdrətimizlə, Ordumuzla geri aldıq, Ordu Dövləti olduq!
…Erməni mediasına, erməni rəsmilərin açıqlamalarına baxın: rəsmən elan edirlər ki, nə “qarabağbazlıqdı”, indi Ermənistanın 29,8 min kv.km-i sual altındadır!
93 ildən sonra ermənilər axır ki, ələ keçirdikləri və tanıtmağa çalışdıqları sərhədlərinə sığındılar!
93 ildən sonra axır ki, ələ keçirdikləri ilə kifayətlənmək istəklərini nümayiş etdirdilər!
Ermənistan artıq 1929-cu ildən 1994-cü ilədək işğal etdiyi torpaqlardan çıxmağa hazır olduğunu bildirir!
Ancaq o 9 ildə (1920-29) 20 min kv.km qoparıblar axı Azərbaycandan!
Ancaq o 9 ildə 1,5 milyon azərbaycanlını zəlil ediblər, sonra da qovublar axı yurdlarından!
İlham Əliyev 30 ilin yox, tam 93 ilin dərdini, azarını çiyinlərinə qaldırıb tulladı!
Ancaq biz çox böyüdük, çox ucaldıq! Biz indi İlham Əliyevdən 102 ilin ədalətsizliyini aradan qaldıra biləcəyini gözləyirik!
İlham Əliyev 102 ilin allahsızlığının, zalımlığının, soyqırımının ağırlığının altına girib!
İlham Əliyev tarixin ədalətsizliklərinin dünya güclərinin üstündə dayandıqları “nizamın” ağırlığı altında ört-basdır edilməsinə imkan verməmək üçün çalışır.
102 ilin ağırlığı təkcə tarixi haqsızlıqlar, ədalətsizliklər və yeni nizamda deyil – həm də bu ağırlığın üstünə çıxanlardadır. Onlar öz böyük ölkələrini bu ədalətsizliyin üstünə qaldırıblar, bu haqsızlığı yerindən tərpənməyə qoymamaq üçün var gücləri ilə basırlar – büdcələri trilyonlarca, əllərində nüvə, beyinlərində işğal…
İlham Əliyevinsə tək HAQQI var, ƏDALƏTİ var, bir də 10 milyonluq Sevgisi!..
…Erməniləri 93 ildən sonra sərhədlərinə soxan ADAM, Tanrı 100 ilin haqsızlığını qaldırmaqda Sizə yar olsun!