Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidən Trend-ə verilən məlumata görə, tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.

Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.

Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

Teqlər: