Tarif Şurasının yeni qərarı kommunal xidmətlər sahəsində səmərəliliyin artırılmasını hədəfləyir – Ekspert

Tarif (qiymət) Şurasının yeni qərarı kommunal xidmətlər sahəsində səmərəliliyin artırılmasını hədəfləyir.

Trend xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcı deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il iyunun 30-da qəbul etdiyi qərara əsasən, ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərində dəyişiklik baş verib. Dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlılığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması kimi başlıca səbəblər əsas götürülərək müvafiq dəyişikliklər qəbul edilib.

“Burada ən mühüm məqam ondan ibarətdir ki, əhalinin 51 faizini, yəni 5 milyon nəfəri əhatə edən istehlakçılara təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün hər hansı bir tarif dəyişikliyi edilməyib və 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Bu da öz növbəsində qərarın sosialyönümlü olmasına və əhalinin əksər kəsiminin mənafeyinin qorunmasına bariz nümunədir. Onu da qeyd etmək gərəkdir ki, iqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi də dəyişdirilməyərək 20 qəpik səviyyəsində saxlanılıb. Əlavə olaraq, istehlak edilən qazın 1200-2500 kubmetrədək olan hissəsi üçün 1 kubmetr təbii qazın qiyməti 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik təyin edilib. Burada qeyd edilməsi zəruri olan nüanslardan biri də odur ki, dünya bazarlarında artan enerji qiymətlərinə səbəb enerji istehlakında artım və səmərəsiz istifadədir. Məhz buna görə də, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlılığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Qlobal trendlərin təhlili də onu göstərir ki, mərkəzləşdirilmiş istilik sistemləri enerji səmərəliliyi baxımından prioritet təşkil edir. Həmçinin bu məqsəd üçün tariflərin endirilməsi özlüyündə ətraf mühitin mühafizəsinə müsbət təsir edəcək. Buna misal olaraq, İngiltərəni göstərə bilərik. Belə ki, 2020-ci ilin statistikasına əsasən, əhalinin 95 faizi mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməkdədir. Mərkəzi istilik sistemlərin 86 faizi isə təbii qazdan isitmək üçün istifadə edir”, – deyə A.Satıcı bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanda əhaliyə satılan təbii qazın qiymətini digər MDB və qonşu ölkələr ilə müqayisə etdikdə təbii qazın satışı əhalinin 1200 kubmetrdən çox istehlak edən təbəqəsi üçün belə çox olmadığı ortaya çıxır. Belə ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada orta hesabla 32 qəpik, Kiyevdə 32,6 qəpik təşkil edib. Hazırda isə bu göstəricilər artaraq Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik təşkil edir. Həmçinin bu göstəricilər Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. Avropa Birliyi ölkələrinə nəzər yetirdikdə isə, bu göstəricilər Latviya, Litva, Macarıstan və Rumıniyada 1 kubmetr təbii qaz üçün 29-68 qəpik ətrafında dəyişməkdədir.

“Tarif Şurasının bir digər qərarı ilə enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin tarifləri günün vaxtına görə diferensiasiya edilib. Belə ki, müvafiq tariflər gündüz vaxtı saat 08:00-dan 22:00-a qədər tarif 7,3 qəpik, gecə vaxtı saat 22:00-dan 08:00-a qədər 3,5 qəpik olaraq təyin edilib. Enerji səmərəliliyini və artan istehlakı nəzərə alaraq tarifin günün vaxtına görə diferensiasiya edilməsi müsbət addımdır. Belə ki, qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Son olaraq onu da qeyd etmək lazımdır ki, elektrik enerjisinin ölkədaxili yeni tariflərinin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə hər hansı bir dəyişiklik edilməyib və bu da qərarın həm səmərəliliyini, həm də sosialyönümlü olmasını göstərən amildir”, – deyə A.Satıcı əlavə edib.

Teqlər: