Moskva heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib. Amma Kiyev danışıqlara hazır olması barədə birbaşa danışmalıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz heç vaxt danışıqlardan imtina etməmişik, ona görə də qarşı tərəf istəyirsə, desin. Mən bunu deyirəm, amma qarşı tərəfdən heç nə eşitmirəm”, – o bildirib.
Rusiya Prezidenti indi “konstruktiv diplomatiya”da maraqlı olmadığını deyən ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə də münasibət bildirib. Blinken Putinin danışıqlar istəmədiyinə işarə ilə, “Tanqo üçün iki nəfər lazımdır” demişdi.
Cavabında Putin vurğulayıb ki, tanqo yaxşıdır, lakin Ukrayna üçün qopakı (Ukraynanın milli rəqsi – red.) unutmamaq vacibdir:
“Əks halda onlar həmişə başqasının melodiyasına rəqs edəcəklər. Bu və ya digər şəkildə hamı xanım kimi rəqs etməli olacaq. Amerikalılara gəlincə, onlar tanqonu necə rəqs edəcəyini bilmirlər. Bu heyrətamiz musiqi, gözəl hərəkətlərdir. Lakin Vaşinqton hər şeyi – iqtisadi sanksiyalar və ya maliyyə məhdudiyyətləri, hərbi güc tətbiq etmək hədəsi və ya güc mövqeyindən istifadə etməklə həll etməyə çalışır. Kiməsə öyrətməyə çalışırlar, amma özləri bunu necə edəcəklərini bilmir və ya etmək istəmirlər”.