Xəbər verdiyimiz kimi, bu gün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasından dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, Azərbaycanın bir sıra ictimai şəxsləri ilahiyyatçının ölümüylə bağlı sosial şəbəkələrdə başsağlığı yazıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”.
İlahiyyatçı Elşad Miri: “Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim. Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm. Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbir diləyirəm. Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq”.
Azərbaycanlı iş xanımı Ruhi Əliyeva: “Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. İşıqlı insan, dəyərli dostumuzun bu qəfil vəfatından çox üzgünəm. Buna inana bilmirəm. Ailəsinə, yaxınlarına başsağlığı verir, səbir diləyirəm. Məkanı cənnət olsun!
Əməkdar artist Bəhram Bağırzadə: “Kiminə görə Həsənov, kiminə görə Həsənli, kiminə görə Hacı və ya Hacı Şahin idi. Biri ona müəllim, ya şeyx deyirdi… Ancaq biz – onunla dostluq edən 189 saylı məktəbin şagirdləri onu sadəcə olaraq Bakı Şonyası çağırırdıq… Əziz Şonya… Bu gün gecə vəfat etdin… Hələ bunun necə və nəyə görə baş verdiyini bilmirik… Başımda qarışıqlıq, ürəyimdə ağrı var… Heç nə başa düşmürəm… Amma bir neçə dəqiqədən sonra mən ayağa qalxıb uzun müddət işlədiyin məscidə gedəcəyəm… Sən çox ağıllı, müdrik, aristokrat idin, savadlı, təhsilli, bir neçə dildə danışırdın… Amma sən mənim üçün akt zalında tennis və bilyard oynadığımız eyni Şonyasan. Mən isə sizin həndbol oynamağınıza baxdım, çünki məktəbimiz həndbol bölməsində idi. Təəssüf, çox təəssüf… Çox danışmaq istəmirəm, çünki “189. Məktəb həyatı” kitabımdakı essemdə sən hər şeyi dedin… Ona görə də bu inşanı bura buraxdım… Allah rəhmət eləsin…”
Millət vəkili Razi Nurullayev: “Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi! Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbirli və dövlətini sevən şəxs idi. Yaxınlarına və doğmalarına öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası – MCP adından dərin hüznlə başsağlığı verir və Allahdan ona rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun!”
Hərbi ekspert Ədalət Verdiyev: “Hacı Şahin ləyaqətli insan, əsl vətənpərvər və çox savadlı din xadimi idi. Dindar deyiləm, amma onu dinləməkdən daim zövq almışam. Bir neçə dəfə bərabər efirdə olmuşduq. Son dəfə keçən ay Sulutəpədə Bayramın övladının yaş mərasimində görüşmüşdük. Heç bir narahatlığı yox idi, bəlkə də büruzə vermirdi. Bu gün isə Hacı ilə vidalaşırıq. Allah rəhmət eləsin. Gözəl insanları erkən itirməyimiz təəssüf hissi doğurur”.
Tanınmış qiraətçi Xəzər Süleymanlı: “Son dəfə 2 gün bundan qabaq görüşmüşdük. Ümrə ziyarətindən öncə də, sonra da bizi təbrik etdi. Həmişəki kimi danışdıq, güldük, söhbətləşdik, dedi, Ramazanda bir gün ayıracam iftar da edək. Bu sözü əsla yadımdan çıxmayacaq. Hər görüşdə deyirdi ki, Xəzəri çox istəyirəm, görəndə ürəyim açılır. O başqaları üçün dini xadim idisə, bizim üçün dost idi, yoldaş idi, qardaş idi. Hisslərimi ifadə edə bilməyəcəm. Çox ağır oldu vaxtsız gedişi. Ruhun şad olsun, Hacı…”