Dövlər Gömrük Komitəsi tanınmış vəkil Aqil Layıcın sosial media hesabında paylaşımına reaksiya verib.
AzerTimes xəbər verir ki, Aqil Layıc Türkiyədən “Trendyol” vasitəsilə 1469 lirəlik (92 manat) köynək (T-shirt) sifariş etdiyi, 03.06.2023-cü il tarixində rəsmi olaraq “Smart custom” vasitəsilə bəyanı yerinə yetirdiyini bildirmiş, buna baxmayaraq, məhsulu ala bilməməsindən şikayətlənmişdi.
A.Layıcən sözlərinə görə, məhsul Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılıb. Terminala müraciət edəndə isə ona bildirilib ki, bəyan edilməyib:
“Dərhal “smart custom” mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Səbəbini isə karqoda 38 gün saxlanması və icarə haqqı ilə izah edilər. Bağlamanın çəkisi cəmi 380 qramdır”.
A.Layıc sosial media hesabından Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciət edərək, köynəyi səmimi olaraq onlara bağışladığını bildirib.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi isə buna cavab olaraq qeyd edilən fakt üzrə araşdırma aparıldığı haqda rəsmi açıqlama yayıb:
“Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə onlar bir bağlamada “smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilmişdir. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olmuş və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülmüşdür.
İnvoys dəyəri 1469 tl təşkil edən və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 lirə olmaqla bəyan edilmişdir. Bu səbəbdən invoys dəyəri 1469 lirə təşkil edən bağlamanın gömrük orqanına 1 lirə dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaratmış və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılmış, daşıyıcı şirkətə və vətəndaşa bu barədə “smart customs” tətbiqi üzərindən bildiriş göndərilmişdir.
41 gün sonra vətəndaş gömrük orqanına müraciət etmiş, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunmuşdur.
Beləliklə, vətəndaş Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş vermişdir.
Bununla əlaqədar gömrük orqanlarına aid olmayan saxlanca görə isə ödəniş yaranmışdır”.
Qeyd edək ki, Aqil Layıc “şəxsi kabineti”nin skrinini paylaşaraq, bəyan etmədiyi heç nə qalmadığını, bu cavabı qəbul etmədiyini bildirərək, bir daha köynəyi hədiyyə verdiyini təkrarlayıb.