Tanınmış modeli döyən biznesmen bankın pulunu mənimsəyib?

Tanınmış modeli döyən biznesmen bankın pulunu mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Z.Hüseynzadə deyib ki, məhkəmədə zərərçəkmiş kimi tanınmış Kənan Rəsulova Avropa Yenidənqurma və İnkişaf Bankından məhsul yetişdirmək üçün kredit götürən zaman bank onun öz şirkətindən borc götürdüyünü bildirib:

“Kənan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə bağlayıb, 2 milyon manat kredit götürüb. Daha sonra o, həmin pulu öz-özünə borc verərək hər gün 100-150 min dollar hesabdan çıxarıb. Bank müəyyən etdi ki, bu şirkətlərin bir-birinə borcu var və bu onların standartlarına uyğun deyil. Kənan istintaq vaxtı guya sənədləri mənim saxtalaşdırdığımı deyirdi. O, ümumilikdə özünə 737 min dollar pul vermişdi”.

Müttəhim vurğulayıb ki, kredit alındıqdan və parnik qurulduqdan sonra Kənan Rəsulov yalnız qazancdan pul götürə bilərmiş:

“Kənan Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti özünə borc kimi götürüb. Bu məsələdə “Muğanbank” da qanunsuzluq edib. Çünki o, bankdan 30 min manatdan artıq pul çıxara bilməzdi. Bu işdə “Muğanbank”ın Bakı şəhərinin Xəzər rayon şöbəsinin rəhbəri də onunla əlbir olub”.

Z.Hüseyinzadə deyib ki, Kənan Rəsulov Avropa Yenidənqurma və İnkişaf Bankına həyat yoldaşının maliyyə müdiri olduğu barədə tərcümeyi-halını göndərib. İstintaq zamanı tərcümeyi-halın saxta olduğunu, onu da müttəhimin saxtalaşdırdığını söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, bank Kənan Rəsulova kredit verməmişdən əvvəl müəyyən tələblər qoyub. Buna görə də Kənan ondan borc istəyib.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Teqlər: