Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tanınmış memar, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Rəfael Müseyb oğlu Həsənovun xatirəsinə həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib. Təqdimatda görkəmli memarın ailə üzvləri, yaxın dostları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Universitetin Dizayn kafedrasının müdiri olmuş Rəfael Həsənovun xatirəsini böyük ehtiramla anaraq onun ömür yolu, yaradıcılığı, çalışdığı kafedra üçün gördüyü işlər haqqında məlumat verib. Rektor vurğulayıb ki, Rəfael müəllim təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memar-dizaynerlərin yetişməsində böyük xidmətlər göstərib. Çıxışının sonunda G.Məmmədova filmin rejissoruna, yaradıcı heyətə, əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə üzünü tədbirdə iştirak edən tələbələrə tutaraq Rəfael Həsənovu Azərbaycanda dizayn elminin banisi kimi təqdim edib, onun dizayn elminin inkişafı və tərəqqisi üçün böyük xidmətlərindən danışıb.

Bu gün R.Həsənovun doğum günü olduğunu yada salan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova belə bir gündə onu sevənlərin, doğmalarının onun işığına toplaşdığını, ruhunun şad olduğunu xüsusi qeyd edib.


Filmin rejissoru və ideya müəllifi Eldara Əliyeva filmin çəkilişlərində göstərdikləri dəstəyə görə memarın ailə üzvlərinə təşəkkür edib, Azərbaycanın belə görkəmli ziyalılarının gənclərə tanıdılmasının vacibliyinə toxunub. Onun çıxışından sonra 43 dəqiqəlik film təqdim olunub.

Film böyük maraq və həvəslə izlənilib, alqışlarla qarşılanıb. Təqdimatdan sonra AzMİU-nun kafedra müdirləri Aybəniz Həsənova, Nizami Nağıyev R.Həsənovla bağlı xatirələrini danışıblar, onun sadə, təvazökar, həyatsevər bir insan kimi yaddaşlarda əbədi qalacağını bildiriblər. Tədbirin qonaqları – Xalq artisti Xuraman Qasımova, R.Həsənovun tələbə yoldaşları və dostları da onun işıqlı xatirəsini yad ediblər.

Tədbirdə iştirak edən R.Həsənovun xanımı və qızı da belə bir görüşün təşkilinə görə Universitet rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.

Teqlər: