İstanbul. Elçin Mehdiyev – Trend:
30 iyun 2018-ci il tarixdən 2021-ci ilin 26 noyabrınadək TANAP-dan Türkiyəyə ötürülən təbii qazın ümumi həcmi 13.4 milyard kubmetrə çatıb.
AzerTimes-ın məlumatına görə, TANAP ilə 2021-ci ilin yanvar ayından noyabrın 26-nadək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Həmin həcmin 6 milyard kubmerti Türkiyənin Eskişehir və Trakya bölgəsində iki nöqtədən milli şəbəkəyə qoşulmaqla Türkiyədə istifadə ediləcək. 10 milyard kubmetr təbii qaz isə Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daşınacaq.