Talış-Tapqaraqoyunlu yolunun inşası çərçivəsində yeni avtomobil körpüsünün tikintisinə start verilib (VİDEO)

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil
yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr
uzunluğa malik avtomobil körpüsünün tikintisinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, körpü 3
aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək.

Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri,
həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan
normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa
edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına
gedən yeni avtomobil yolunun və İncəçay üzərində avtomobil
körpüsünün inşası işləri ilə yerindəcə tanış olub, tikintinin
vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə
bağlı tövsiyə və tapşırıqlarını verib.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının
3-də Tərtər rayonunda təməli qoyulan avtomobil yolunun uzunluğu 22
kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.

Sözügedən yolun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV
texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə
üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik
hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr təşkil
edəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik
hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq
çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol
əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədi ilə
müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı
keçidlərin inşası işləri icra olunub. “İnşaat Norma və
Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla
yeni asfalt-beton örtüyü döşənib. Yolun İncəçaydan sonra Qaşaltı
Qaraqoyunlu kəndinə doğru olan hissəsində isə sadalanan işlərin
icrası davam etdirilir.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol
kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının,
həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək
məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin
quraşdırılması işləri aparılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil
yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması
planlaşdırılır.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və
Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru
uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin
sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin
sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri
ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə
rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

Teqlər: