Talıbovun yalan “dövləti” – Türk jurnalist yazır

Talıbovun yalan “dövləti” – Türk jurnalist yazır

Türkiyəli jurnalist Həsən Barının “Göyçə-Zəngəzur respublikası” adlı “mühacir dövlət” haqda yazısını təqdim edirik:

I hissə

Hər şeydən əvvəl bunu deməliyəm ki, dövlət maraqları, beynəlxalq aləmlə ziddiyyətə girmədən, dövlətin mənfəəti və siyasətinə paralel şəkildə siyasi dillə deyilə bilməyənləri qeyri-siyasi formada demək, ictimai rəy formalaşdırmaq məqsədilə mühacir dövlət, təşkilat qurulmasının əleyhinə deyiləm. Mənim Şərqi Türküstan, İrəvan Türk Cümhuriyyəti adlı türk dövlətlərinin yüksək səviyyəli rəsmiləri arasında yaxından tanıdığım, görüşdüyüm və danışdığım insanlar var.

Bu önəmli girişdən sonra, yazımı üç hissəyə ayıraraq, sizlərin də ağlınıza, vicdanınıza və yazıya mövzu olan tərəflərə suallar verərək davam edəcəyəm.

Xüsusi hissə:

İllərdir Zəngəzur mövzusunda yazılar yazan, qatıldığım proqramlarda dəhlizin türk dünyası üçün əhəmiyyətindən bəhs edən, Əfqanıstanın qarışmasını belə Zəngəzur dəhlizinə nəzarətin bizdə olmadığına bağlayacaq qədər məsələnin əhəmiyyətini şişirdən bir insan kimi, uzun illərdir tanıdığım Rusiyada yaşayan jurnalist dostum Elturan Musayevin təklifi ilə Azərbaycan və Türkiyə dövlətlərimizə dəstək olmaq ümidi ilə bir “sürgün dövləti”nə qatıldım. Bu andan etibarən bir çox məsələdə israrçı oldum və Rizvan Talıbovla telefon danışıqlarımız zamanı bunları israrla dilə gətirdim. Bunlar:

1. Dərnək və ya təşkilat kimi rəsmi qurum olduğunu bildirən və hər kəsin vəzifəsinin müəyyən edildiyi mandat sənədinin verilməsi.

İzlədiyim qədərilə hələ də rəsmiləşməyiblər və mandatları yoxdur. Əvvəl Vatsap qrupuna “bu şəxs təyin olundu” cümləsini yazmaqdan ibarət olan təyinatlar edilirdi, hələ də eynidir. Başdakı insan Rizvan Talıbova ən son bunun absurd olduğunu söylədiyimiz zaman mənə kağız yazıb verə biləcəyini dedi. Mən isə bunu hansısa quruma göstərdiyim zaman mənə güləcəklərini dedim. Onun “Beynəlxalq aləmdə yeri, ordusu, iqtisadiyyatı olan Azərbaycan və Türkiyə prezidentləri də bunu edir” deməsi gözümdə lovğalığının təzahürü və səbrimin də son damlası oldu. İndi bir az daha müasirləşib, artıq kağıza yazılır və imzalanır.

Diqqətinizi çəkdimi? – Tarix var, ancaq sənədin üstündə qeydiyyat nömrəsi yoxdur. Niyə? – Çünki rəsmi sənədlərdə qeydiyyat nömrəsi olur. Bu, rəsmi deyil, dolayısı ilə sənəd kimi göstərilərək fikir formalaşdırılan sənəddir!

Sualların sayını azaltmaq baxımından bir az sual-cavab şəklində davam edək.

Hər hansı bir dəftərxanada surət çıxaran maşında çıxarıla biləcək və kompüterdə yazıla biləcək bir yazıdır. Bəs bunun rəsmi qurumlarda bir kənddə məscid inşa etdirmə, su çəkdirmə sənədi kimi bəsit dərnək sənədi qədər rəsmiliyi varmı? Yox!

Bəs oxumağı və yazmağı öyrənən bir şagirdin bunu yazması ilə Rizvan bəyin yazması arasında rəsmilik baxımından fərq nədir? Amma millət görəcək, böyük insan imici görüntüsü vermək yolu ilə fikir formalaşdırılacaq, önəmli olan budur!

Bu yazdığım bəzilərinin yalanla dolu fikir formalaşdırma siyasətlərinə toxunduğu və ağır gəldiyi üçün mənə əsəbləşə bilərlər. Onda mənim ağzımı yummaları üçün onlara bir təklifim olacaq:

“Rizvan Talıbov özünü “prezident” təyin etdiyi haqqında sərəncam imzalayıb, Türkiyə və Azərbaycan Prezidentinin qarşısına yox, Mozambik və Zimbabve dövlətlərinin prezidentlərinin qarşısına çıxa bilərmi? Bəs hər yerdə bol-bol nəşr etdirdikləri sənədlərlə təyin etdikləri nazirlər başqa dövlətlərin nazirlərinin qarşısına çıxa bilərmi?

Əgər səhvim varsa, buyurun, bu adamlarla görüşün və ayaqüstündə olarkən o sənədi ortada əlinizlə tutub şəkil çəkdirin, hünərinizi görüm.

Foto və sənədlərlə daha əhəmiyyətli məsələlərdən bəhs edəcəyim yazının davamı var.

Teqlər: