Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması ilə bağlı yarımçıq qalmış layihənin icrasına başlanılır.
AzerTimes İqtisadiyyat.az-a istinadla xəbər verir ki, muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara start verib.
Belə ki, Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin layihə-smeta sənədləri hazırlanacaq.
Belə ki, tapşırığa uyğun olaraq görülmüş işlərin (149 km su şəbəkəsi, 129 km kanalizasiya şəbəkəsi, ev birləşmələri, 15 ədəd qazılmış subartezian quyusu, 1 ədəd nasos stansiya və hər birinin su tutumu 5000 kub metr olan 4 ədəd su anbarı) mövcud vəziyyəti araşdırılacaq və layihə sənədlərinə daxil olunacaq. Layihə ərazisi üzrə mühəndis-geoloji işlər və onun hesabatı, yarımçıq qalmış işlərin işçi layihə sənədləri işlənib hazırlanacaq.
Eləcə də subartezian quyuları və nasos stansiya üçün xarici və daxili elektrik təchizatı və SCADA sistemi layihələndirilməli, ətraf mühitə təsirlərin qiymətləndirilməsi hesabatı hazırlanmalıdır.
Qeyd edək ki, muxtar respublikanın Sədərək rayonunda içməli su problemi olub. Buna görə də 2020-ci ilin mart ayından etibarən problemin həlli üçün yeni içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsinə başlanılıb. Həmin ilin aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ozamankı sədri Vasif Talıbov layihə ilə tanış olarkən Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətlərinin çəkiləcəyini, 3600-dən artıq su və kanalizasiya ev birləşmələrinin aparılacağını bildirib. Amma sonradan işlər yarımçıq qalıb.
Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.