Talıbov Ankarada lüks oteldə… – Türk jurnalist yazır

Talıbov Ankarada lüks oteldə… – Türk jurnalist yazır

Türkiyəli jurnalist Həsən Barının “Göyçə-Zəngəzur respublikası” adlı “mühacir dövlət” haqda yazısının “Pul girişi və xərclər məsələsi” adlı ikinci hissəsini təqdim edirik:

II hissə

(Birinci hissə BURADA)

Dövlət olduğunuzu iddia edirsiniz, ancaq heç olmasa, ən kiçik orta məktəbdə belə mövcud olduğu kimi rəsmi xərclər və daxil olan məbləğlə bağlı qəbzin kəsilməsi, bununla bağlı komissiyanın qurulması və məsrəflərin qəpiyinə kimi açıqlanması haqqında sizlərə xəbərdarlıq etdim. Əks halda sizin və burada olanların başlarının çox ağrıyacağını dedim, lakin dediklərim qulaqardına vuruldu.

Dırnaqarası “Göyçə-Zəngəzur respublikası”nı idarə edənlərə sual verirəm: “Jurnalistlər sizdən “Bu etdiklərinizin mənbəyi nədir, pul hardan gəlir?” sualını soruşub üstünüzə gələndə ən azı Türkiyə və Azərbaycan rəsmilərini məsələni araşdırmağa dəvət edə bilərdiniz. Siz məsələni sənədlərlə açıqlamağı bir kənara qoyun, cınqırınızı belə çıxarırsınızmı?

İndi burada bir çox rəsmilərinin diqqətini çəkmək məqsədilə jurnalistin verdiyi sualları mən də soruşum. Azərbaycandakı vəziyyəti yaxşı bilirəm. Rizvan Talıbovun Azərbaycanda sadə bir işçi olduğunu bilirəm. Mənim gəlirimin ondan daha çox olduğuna da əminəm. Lakin belə olmasına, çoxlu dəvət almağıma və çox getmək istədiyimə baxmayaq, sırf maddi səbəblərə görə mən Azərbaycana gedə bilmədim. Rizvan Talıbov isə oğlu ilə bərabər təyyarə ilə Ankaraya gəldi və ən azı bir həftə burada qaldı. Azərbaycandan təyyarə ilə Türkiyəyə gəlmək üçün bir nəfərin bileti beş min, iki nəfər on min, gəliş-gediş isə iyirmi min lirə edir. Onun lüks bir otelin “suit” otağında qaldığı deyilir, lakin biz normal bir otaqda qaldığını deyək. Buraya gəzinti, normal bir otelin otaq pulunu, bir həftəlik yemək ehtiyacını da daxil etsək, məsrəflərin məbləği ən azı otuz beş min lirə (3,5 min manat – red.) edər. Bu rəqəm hələ ən azıdır! Bəs bu pulu kim verdi? Ya özü, ya başqası, bunun sənədləşməsi və qanuni olduğu haqqında sübutu varmı?

Orkestrlə və qonaqların iştirakı ilə Ankara Koordinasiya Bürosunun açılışı və bir aylıq kirayə haqqı ən azı iyirmi min lirədir. Mən yüz min hesab edirəm, amma minimum olaraq hesablasaq, məbləğ əvvəlki ilə birlikdə əlli min lirə (5 min manat – red.) edir. Bu məbləği toplamaq üçün Azərbaycandakı bir müəllim heç bir şey yemədən ən azı altı aylıq maaşını yığmalıdır. Bəs dünyanın iqtisadi böhranda olduğu bu dövrdə sözügedən xərcləmələrin kimin və ya kimlər tərəfindən edildiyinin bir sənədi varmı? Bəs bütün bunları qarşılayıbsa, niyə Rusiyadakı subyektlər, digər sürgün dövlətlər yox, məhz “Göyçə – Zəngəzur respublikası”? Bu xərclərinizdən və mənbəyindən digər “nazir”lərinizin xəbəri varmı?

Son sual istisna olmaqla, geri qalan sualların hamısı bir çox jurnalist tərəfindən verildi, amma cavab alınmadı, mən soruşanda da yenə cavabı olmayacaq. Barı son sualın cavabını özüm verim, heç olmasa bir sualın cavabı verilmiş olsun: “Yox!”Bir neçə gün öncə “nazir”lərdən biri mənə zəng etdi və danışdıq. Ankaradakı koordinasiya bürosundan söz düşdü. “Müəllim, indi biz dövlət qurduq, Türkiyə bizə pul verəcəkmi?” deyə, mənim soruşmalı olduğum sualı mənə verdi. Mən isə cavabında “Nə dövləti, nə bürosu, ən kiçik inşaat malları dükanının belə lövhəsi var. Sən də görüntüləri izləyibsən, məlumat lövhəsi varmı?” sualını verdim. Bir xeyli fikirləşdikdən sonra “yox” dedi. Bu az hesab edilməyəcək məsrəfləri kimin qarşıladığını soruşuram, yenə cavabını bilmədiyini deyir. “Türkiyənin dövlətinizi tanıdığı haqqında yalan xəbər yaydınız. Mənə Türkiyənin tanıdığını göstərən bir rəsmi sənəd və açıqlama göstərə bilərsiniz?” – deyə sual verirəm. Yenə “yox” cavabını alıram!

Düşünə bilirsinizmi, büro artıq neçə gündür açılıb, lakin “nazir”in vəziyyətlə bağlı mənim qədər məlumatı yoxdur! (İcazə almadığım üçün həmin şəxsin adını yazmayacağam. Ancaq dediklərim inkar olunsa, səs yazısı telefonumdadır).

Teqlər: