Azərbaycanda yaxın vaxtlarda taksilər vahid tarif əsasında işləyə bilərlər. Təklif və tədbirlər planı hazırdır və bu günlərdə hökumətə təqdim olunacaq.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Taksi xidmətlərində yeniliklərin “Nəqliyyatın inkişaf konsepsiyası”nda nəzərdə tutulduğunu deyən M.Ağayevin sözlərinə görə, taksilərin üzərinə yeni tələblər qoyulacaq.
“Mövcud qanunvericilikdə tələblər vardı, ancaq müasir dünyanın tələblərinə cavab verən standartlar yox idi. Bu tələblərdən biri taksilərə taksometrlərin quraşdırılması olacaq. Bundan sonra Tarif Şurası vahid tarif sistemi müəyyən edəcək. Digər tələb isə taksilərin təhlükəsizlik qaydalarına cavab verməsi olacaq”, – deyə BNA rəsmisi qeyd edib.
Hazırda Bakıda taksi fəaliyyəti və dispetçer xidməti kimi fəaliyyət göstərən sifarişli taksi xidmətlərinin sayı 10-dan çoxdur. İlkin məlumatlara görə, Bakıda 16 min fərdi taksi xidmət göstərir.
Taksi xidməti göstərən şirkətlərdə qiymətlər xidmətin səviyyəsindən asılı olaraq dəyişir. Amma aşağı-yuxarı 1 kilometr məsafə 50 qəpiklə 1 manat arasında dəyişir, məsafə artdıqca, məbləğ 20-30 qəpiyə də düşür. Məsələn, 50 km-lik yolu 15 manata getmək mümkündür, Bakıdan Gəncəyə isə 105 manat taksi xərci çıxa bilər.
Lakin son vaxtlar taksi qiymətlərində kəskin endirimlər də qeydə alınır. Bakıda Nəriman Nərimanovun heykəlinin yanından “Maşın bazarı” tərəfə 4–5 manata aparılır.
BNA rəsmisi M.Ağayev isə deyir ki, qiymət tənzimlənməsi məhz keyfiyyətə xidmət edəcək.
“Müştəri görəndə ki, bütün taksilərdə xidmət eynidir, o zaman daha keyfiyyətli, rahat taksiyə minəcək. Qiymətlər həm sürücünün, həm də müştərinin cibinə uyğun müəyyən ediləcək. Taksilərə quraşdırılan taksometr sürücülərin qeydiyyatı və vergiyə cəlb olunmasını asanlaşdıracaq. Qeydiyyatı olmayan taksilərə fəaliyyət göstərməyə imkan verilməyəcək. Qeydiyyat üçün sürücü müvafiq sənədlərlə vergilər departamentinə müraciət edərək VÖEN açdırmalı, 18 manat vergi ödəməli, daha sonra qəbzi və digər zəruri sənədləri Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə taksi fəaliyyəti üçün fərqlənmə nişanını ala bilər”, – deyə M.Ağayev bildirdi.
Bakıda taksi sürücüləri ilə müsahibəsi zamanı məlum oldu ki, sürücülərin bəziləri vahid tarif qiyməti ilə razılaşsa da, bildirirlər ki, bir məqamı önə çəkirlər.
“Vahid qiymət ona görə yaxşı olar ki, müştəri ilə uzun-uzadı qiymət razılaşması üçün müzakirələr, bəzən də mübahisə etmərik. Bilərik ki, filan yerə qədər tarif bu qiymətədir. Lakin tətbiq olunacaq tariflər maraqlarımıza uyğun olmalıdır”, – deyə sürücülər bildirir.