Taksi sürücülərinin imtahan verməsində qeyri-adi bir şey yoxdur.
Bu sözləri AzerTimes-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı taksi sürücülərinin imtahan verməsi haqda qərarı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, taksi fəaliyyətində mövcud vəziyyəti qaydaya salmaq üçün atılan addımdır və müsbət nəticə verəcəyi şübhəsizdir:
“Bu imtahan bildiyimiz ali məktəbə qəbul olunmaq üçün verilən imtahan kimi deyil. Sadəcə, taksi sürücülərinə uyğun olan suallar tərtib ediləcək. Onların gündəlik iş prosesi, dil bilgiləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti, sərnişindaşıma fəaliyyətində vacib elementlər burada öz əksini tapacaq. Qeyri-adi, bu məsələlərdən kənar heç bir sual olmayacaq. Əminəm ki, yayın sonu, payız aylarına qədər məsələ öz həllini tapacaq”.
Ekspert bildirib ki, imtahan nəticəsi uğursuz olan sürücülər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər:
“İmtahandan keçə bilməyən taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək. Çünki onlara yeddi il müddətində qüvvədə olan bir sənəd verilir. Bu sənəd yoxdursa, növbəti mərhələlərdə fərqlənmə nişanı, buraxılış kartı əldə edə bilməyəcəklər”.