Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan taksi sürücüsü ilə müştəri arasında yaranmış mübahisənin videosu müzakirələrə yol açıb. Belə ki, taksi sürücüsü 30 dəqiqə gözlədiyini deyərək, müştəridən artıq vəsait tələb edib. Müştəri 30 dəqiqəyə görə 2 manat artıq təklif etsə də, sürücü razı olmayıb və polis bölməsində məsələyə aydınlıq gətirilməsi üçün müştəridən aldığı 100 manatın qalığını qaytarmadan, polis axtarmağa başlayıb.
Baş verən olay növbəti dəfə bu sualı aktuallaşdırıb: taksilərin gözləmə dəqiqəsi neçəyədir?
Bununla bağlı AzerTimes “Omega”, “Bakı”, “Salam taksi”, “Ailə taksi”, “Ulduz”, “Ekonom” və s. taksi şirkətlərinə müraciət edib.
Beləliklə, taksi şirkətlərində əsasən ilk 5 dəqiqə (bəzi taksi şirkətlərində ilk 10 dəqiqə) pulsuzdur. Pulsuz gözləmə dəqiqəsi bitdikdən sonra isə demək olar ki, bütün taksi şirkətləri bir dəqiqə gözləmə üçün 5 qəpik müəyyən edib.
Yalnız “Salam taksi” şirkətində ilk 5 dəqiqə pulsuz gözləmədən sonra hər dəqiqə üçün 4 qəpik hesablanır.