Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)

Tailand Krallığında yaşayan azərbaycanlı iş adamı, Azərbaycan diasporunun fəal üzvü Gündüz Qasımlının təşəbbüsü ilə Kathu bələdiyyəsinin inzibati binasında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan, Pakistan icmalarının və yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə çıxış edən Gündüz Qasımlı Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni Azərbaycan tarixində ən qanlı hadisələrdən biri adlandırıb. Bildirib ki, erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri qətliam yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Xalqımızın bu dəhşətli cinayətin unudulmasına yol verməyəcəyi, Xocalı soyqırımına beynəlxalq birliyin hüquqi-siyasi qiymət verməsi, erməni cinayətkarlarının məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan dövlətinin, xaricdəki diaspor təşkilatlarının və soydaşlarımızın birlikdə davamlı fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.


Tədbir çərçivəsində yaradılmış guşədə Xocalı soyqırımına aid fotoşəkillər nümayiş etdirilib.

Teqlər: