Tağıyevin və Nağıyev “Əkinçi”yə niyə pul vermədilər?

Tağıyevin və Nağıyev “Əkinçi”yə niyə pul vermədilər?

Azərbaycanda “Əkinçi”yə qədər ana dilində mətbu orqanı yox idi. Odur ki, 1875-ci il iyulun 22-də “Əkinçi”nin ilk sayının çap olunduğu gün milli mətbuatımızın əsası qoyulur.

Qəzetin yaranmasında Həsən bəy Zərdabiyə üç nəfər böyük dəstək olur:

1. Qafqazda Azərbaycan dilində qəzetin nəşr edilməsi ideyası və ilk təklif edən 1831-1837-ci illərdə Qafqazın sərdarı olan alman əsilli Qriqori Vladimiroviç Rozen olub. Məhz o, “Tatar xəbərləri” qəzetinin təsis edilməsi ilə bağlı 1831-ci ildə xalq təhsil naziri, knyaz Karl Livenə, eləcə də daxili və xarici işlər nazirliklərinə məktublar göndərərək yazırdı ki, Zaqafqaziyada, xüsusilə Azərbaycanda yaşayan müsəlmanlar üçün türk-tatar dilində qəzet təsisinə ciddi ehtiyac var. Baron Rozen 1831–1837-ci illərdə Qafqazın sərdarı olub.

2. Həsən bəy Zərdabi ilk azərbaycandilli qəzet nəşr etmək üçün Bakıda bir neçə milyonçuya müraciət edir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digərləri ona pul vermirlər. Səbəb Rusiya imperiyasının ana dilində qəzet çıxarılmasına qarşı olması idi. Hacı Zeynalabdin Tağıyev iki ermənicə qəzeti, bir rusdilli, həmçinin Hindistanda nəşr olunan bir qəzetə aylıq pul verirdi, amma Zərdabiyə ana dilində qəzetə maliyyə ayırmaq istəmədi. Musa Nağıyevin işlər müdiri heç Zərdabini qəbul eləmədi. Şəmsi Əsədullayev gəmilərinin borcu olduğunu bəhanə gətirdi.

Zərdabinin köməyinə Abdulla Bakıxanov gəldi. Rusiya imperator ordusunun general-mayoru, Azərbaycan yazıçısı və maarifçisi Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşı olan Abdulla Bakıxanov qəzet üçün 10 min rubl ayırdı. Bu 10 minə Zərdabinin dörd dəfə İstanbula gedib, qəzet çap etmək üçün şrift (hərflər) almaq, qəzetin dörd nömrəsinin çapı və yerli məmurlara qəzetin çapına razılıq almaq üçün rüşvət vermək daxil idi.

Qəzetin çapına izn verilən gün Abdulla Bakıxanov Zərdabiyə yazır ki, nə qədər pul lazımdır, əlavə verməyə hazırdır, təki ana dilində qəzet dayanmasın və işləsin. Ana dilində belə qəzetin çıxmasını çox vacib hesab edən Abdulla Bakıxanov öz şəxsi tanışları vasitəsilə də qəzetin nəşrinə izn almağa çalışırdı.

3. Azərbaycan dilində ilk qəzet nəşr etmək istəyən Həsən bəy Zərdabi 7 illik mübarizədən sonra onun icazəsini ala bilir. Əslində qəzetin adı “Əkinçi” deyildi. Zərdabi qəzetin adını “Qafqazda türk qəzetəsi”, yaxud “Qafqazda tatar qəzetəsi” qoymaq istəyirdi. Amma Bakının qubernatoru, general-mayor D.S.Staroselski ilə görüşəndən sonra ona qəzet nəşr etməyə bir halda icazə verirlər: Qəzet “Əkinçi” (“Пахарь”) adlanacaq və məhz əkin və ziraətdən yazacaq. Bir sözlə, ilk azərbaycandilli qəzetin adını Bakının qubernatoru, general-mayor D.S.Staroselski qoyur.

Qəzetin yaranması, əsasən, qəzetin nəşrinə icazə verən Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdur. Qubernator Həsən bəylə, arvadı gürcü Yekaterina Quramaşvili ilə Zərdabinin arvadı Hənifə xanımla dost idi. Staroselski Həsən bəyin layihəsini qismən maliyyələşdirdi.

Əvvəlcə “Əkinçi”nin cəmi 100 abunəçisi var idi, abunə qiyməti 3 rubl olan qəzet ayda 300 rubl pul gətirirdi. Qubernator Staroselski kənd dairəsi polis məmurlarının qəzetə abunə olmağa məcbur etdi və beləliklə, qəzetin daha 300 abunəçisi yarandı. Bundan başqa, insanlara qəzet oxumaq vərdişi aşılamaq üçün 500-ə yaxın nüsxə pulsuz paylandı. Staroselski deyirdi: “Nə qədər ki, mən Bakının qubernatoruyam, hər il müsəlman xeyriyyə cəmiyyətinə yüz rubl ianə vermək borcumdur”.

Lakin general Staroselski Bakıdan geri çağırılan kimi qəzet böyük maliyyə çətinliyi yaşadı. Əvvəlcə Həsən bəy qəzeti ayda 2 dəfə çıxara biləcəyinə inanırdı, lakin ilin birinci yarısının sonunda zərər 500 rubl təşkil etdi. Sonralar abunəçilərin sayı artıq 600-ə çatdı, və qəzet hər həftə nəşr olunmağa başladı. İlin sonuna qədər Həsən bəyin itkisi 1000 rubla qalxdı. Üçüncü ildə abunəçilərin sayı sürətlə azalmağa başladı. Yeni qubernator həm qəzetə, həm də Zərdabiyə xoş münasibət bəsləmirdi və 1877-ci ilin sentyabrında qəzet bağlanmalı oldu.

“Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü gördü.

Teqlər: