Xəbər - Fərid Zöhrabov – Trend:
Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.