Szinpinin Əliyevə gözlənilməz məktubu…

Szinpinin Əliyevə gözlənilməz məktubu…

7 fevral 2024-cü il seçkisində səsvermə başa çatandan dərhal sonra İlham Əliyevə təbriklərin bir-birinin ardınca sıralanması, təbrik məktubları və zənglərin həcmi və miqyası olduqca əhəmiyyətlidir. Əlbəttə, adət üzrə seçkidən dərhal sonra əsasən dost və müttəfiq ölkələr, strateji tərəfdaşlar önə düşürlər və bu da çox normal siyasi gedişlərdir. Ancaq İlham Əliyevə 7 fevral axşamı gələn təbriklərin mənzərəsi xeyli fərqləndi.

Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal qeyd edib.

Onun sözlərinə görə, bu təbriklər içərisində Çin Prezidenti Si Szinpinin də yer alması xüsusilə önəmlidir:

“Əlbəttə ki, ilk növbədə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu və zəngini xüsusi vurğulamalıyıq və bu da gözlədiyimizdir. Ancaq etiraf edək ki, dünyanın ən böyük iqtisadi və siyasi mərkəzlərindən biri kimi ABŞ-a meydan oxumaq dərəcəsində olan Çinin dərhal və tərəddüdsüz reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq çətin idi. Bundan öncəki seçkilərdə rəsmi məlumatlar dərc ediləndən, bəzən isə Konstitusiya Məhkəməsi tərəfindən seçki nəticələri təsdiqlənəndən sonra Çinin təbriki müşahidə edilib. Ümumiyyətlə, dünyanın güc mərkəzləri, beynəlxalq oyunçular adətən təbrikə tələsmirlər, rəsmi təsdiqi gözləyirlər. Bu dəfə isə birbaşa Çin sədri şəxsən özü seçki bülletenləri sayılarkən artıq məktub göndərərək, İlham Əliyevi təbrik edənlər sırasında ilklərə qoşuldu. Bu, bir tərəfdən real mənzərəni tam bilən Çinin obyektiv mövqeyidirsə, digər tərəfdən Azərbaycanın beynəlxalq miqyasda hazırkı statusu, regional mövqeyi və tərəfdaşları, o cümlədən Çinlə qurduğu əlaqələrdə sabitqədəmliyinin nəticəsidir. Təsadüfi deyil ki, Çin sədri təbrik məktubundan ümumi, transmilli layihələrə və “Bir kəmər bir yol” proyektinə işarə də etdi”.

A.Camalın sözlərinə görə, Çin sədrinin təbrik məktubunda Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyini bildirməsi də önəm daşıyır:

“Szinpinin məktubuna diqqət edin: “Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram”.

Seçki məntəqələri bağlanan kimi, “ekzit-poll”un və MSK-nın ilkin nəticələrinə əsasən Szinpinin dərhal təbriki Pekinin Bakı ilə strateji əməkdaşlıq istəyində nə qədər maraqlı olduğunun göstəricisidir. Bir məqamı da xüsusilə unutmamalıyıq: Azərbaycanda prezident seçkilərinə Qərbin bəhanə axtarması və bundan hansısa formada təzyiq vasitəsi kimi istifadə cəhdləri fonunda seçki gününün axşamı edilən zənglər və təbriklər həm də siyasi dəstək, səmimi dostluq əlaqələrini nümayiş etdirmək məqsədi daşıyır. Dövlətlərarası münasibətlərdə liderlərin şəxsi keyfiyyətlərinin və şəxsi əlaqələrinin mühüm rol oynadığını da artıq dünya liderləri açıq etiraf edirlər. Beləliklə, hansı mənzərəni görürük? Qərbin “təmənnalı gözləməsi” qarşılığında Çin kimi nəhəng ölkə fürsəti qiymətləndirərək, səmimi münasibətini ortaya qoyur və əlbəttə ki, bu, Azərbaycan liderinə daha sıx dostluq jestidir və heç bir halda unudulmayacaq – nə xalqımız, nə də liderimiz tərəfindən. Digər tərəfdən, Szinpinin ardınca, yəni seçkidən bir gün sonra Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycan xalqının seçiminə hörmət etdiyini bir daha elan etdi. Yəni Qərb “ayılınca”, Çinin iki ardıcıl jestini müşahidə edirik. Bir daha altını cızaraq xatırladım ki, Çinin bu cür operativ təbriki çox nadir hallarda olur”.

Aynur Camal AŞPA-nın qərəzi, ATƏT müşahidə missiyasının isə “tənqid naminə tənqid” üçün etdiyi gedişlər fonunda AB Şurası Prezidenti Şarl Mişelin zəngini də təsadüfi saymayıb:

“İlham Əliyevə 7 fevral gecəsindən başlayaraq gələn təbriklər dünyanın yeni nizamından maraqlı şəkillənməni təsəvvür etməyə yardım edir. Bu təbriklərlə xəritəni cızmağa çalışaq: Çin, Rusiya, Orta Asiya, İran, Türkiyə, Macarıstan, Serbiya, Albaniya, Belarus, Kıprıs, ərəb ölkələrindən bəziləri və s. Yəni Azərbaycandan keçən dəhlizlər, meqalayihələr, iqtisadi tərəfdaşlar…

Məncə, AB Şurası da bu təbriklər seli səbəbindən dərhal İlham Əliyevə zəng etmək zərurətini anladı və siyasi şəraiti doğru qiymətləndirməyə cəhd etdi. Açıq desək, Şarl Mişel gözləməyin AB maraqlarına zərbə olduğunu başa düşdü. Daha maraqlı mənzərə isə ATƏT ilə bağlıdır: ATƏT-in Azərbaycandakı müşahidə missiyası “rəqabət mühitinin olmaması” cəfəngiyyatını elan edəndən bircə gün sonra ATƏT sədrinin təbrik məktubu gəldi.

Bu, Azərbaycanın dünyadakı siyasi nüfuzu və uğurlu xarici siyasətinin etirafı, ölkəmizdə keçirilən prezident seçkisini dünyanın necə həssaslıqla izləməsinin göstəricisidir. Əmin ola bilərsiniz ki, Azərbaycanı itirməmək üçün digər beynəlxalq güclər də “tələsəcəklər” və bundan öncə də dediyimiz kimi, Azərbaycana təzyiqlər ciddi ölçüdə azalacaq. Əslində prezident seçkisinin bir hədəfi də Qarabağ üzərindən Azərbaycana edilən təzyiqləri neytrallaşdırmaq, postqarabağ dövrünə başlamaq və dünyanın şəkillənməsində mövqe tutmaq gedişidir. Təbriklərin arealı bir daha təsdiqlədi ki, İlham Əliyev nəyi nə vaxt necə etməyi gözəl bilir”.

Teqlər: