Çin Prezidenti Si Szinpin Kanadanın Baş naziri Castin Trudonu G20 sammitində qapalı görüşlərlə bağlı məlumat sızdırdığına görə tənqid edib. Bu, Çin liderinin qıcıqlanmasının nadir ictimai təzahürü olub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Yayılan videoda Szinpin və Trudo Bali şəhərində G20 sammitində mətbuat konfransında bir-birlərinə yaxın durub tərcüməçi vasitəsilə danışırlar. İfadələr bunlardır:
“Bu, yersizdir və biz bunu belə etmədik. Səmimiyyət olarsa, qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticə asan olmayacaq”, – Szinpin gülümsəyərək deyib.
İddialara görə, Çin liderinin narazılığı mediada yayılan xəbərlərlə əlaqələndirilib. Danışıqlarda Çin liderinin tərcüməçisinin Trudoya “müzakirə etdiyimiz hər şey qəzetlərə sızdı, bu, yersizdir” dediyini eşitmək olar.
“Kanadada biz azad, açıq və səmimi dialoqa inanırıq və bunu davam etdirəcəyik. Biz konstruktiv birgə iş axtarmağa davam edəcəyik, lakin razılaşmadığımız məqamlar olacaq”, – Trudo tənqidlərə cavab verib.
Lakin Kanadanın baş naziri sözünü bitirməmiş, Szinpin həmsöhbətinin sözünü bir qədər əsəbi baxışla kəsib: “Şərait yarat, şərait yarat, yaxşı?” Sonra gülümsəyib, Trudo ilə əl sıxışıb və gedib.