Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 132 ədəd 7.62×9 mm-lik mərmi, 1 ədəd tüstülü şaşka və 2 ədəd Kalaşnikov markalı avtomatın darağı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.