Susqunluğa son vermək üçün daha nə qədər günahsız azərbaycanlı həyatını itirməlidir? – İsrailli ekspertdən çağırış

Dünən sarsıdıcı və dəhşətli xəbəri aldım və şok yaşadım. Mənim həmkarlarım Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bunu AzerTimes-a israilli ekspert-jurnalist Arye Qut deyib. O bildirib ki, bu dəhşətli hadisə bu ərazini ziyarət edən hər bir jurnalistin başına gələ bilər:

“Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular nəticəsində 120-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir.

Mən düz bir ay öncə Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında “İsrael Hayom” jurnalisti ilə bərabər oldum ve bu əraziləri ziyarət etdim.

İlk andan hiss etmişdik ki, sanki bu əraziyə dəhşətli vəba gəlib. Azad edilmiş ərazilərdə demək olar bir dənə də salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey qalmayıb. İşğalçı ermənilər Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edərək, qarətçilik, neonasizm və vandalizm ilə məşğul olublar. Hətta ağacları da məhv ediblər.

Ayrıca mövzu minalar məsələsi idi. Bu əraziləri ziyarət edən zaman bizə deyirdilər “sağa getməyin, sola getməyin – bu ərazilər çox təhlükəlidir”. Təkcə Ağdam yox, Füzuli, Cəbrayıl və Zəngilan da erməni işğalı nəticəsində kabuslar və minalar şəhərinə çevrilib, məhv edilib. Dağıntıların miqyası, minaları bu ərazilərdə yerləşdirməsi ermənilərin qəddarlığı, faşızmi, neonasizmi və vandalizmi insanı dəhşətə gətirir. Hazırda dünyanın heç bir yerində erməni vandalizminin, erməni nifrətinin və düşmənçiliyinin nəticələrinin bu qədər əyani nümayişinə rast gəlmək mümkün deyil.

Mən İsraildə siyasi ekspert olaraq, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin İsraildə nümayəndəsi olaraq və eyni zamanda, “İsraildə Azərbaycan Evinin” rəhbəri olaraq İsraildə və dünyada olan xarici həmkarlarımı Ermənistana minalanmış ərazilərin xəritəsini verməsi üçün təcili olaraq təzyiq göstərməyə çağırıram.

Azərbaycan Ermənistanın 28 il ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri hərbçilərimizin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükədir. Minalanmış ərazilərin xəritələrinin verilməsi bir çox şəxsin, o cümlədən jurnalistlərin ölüm təhlükəsi ilə üzləşməsinin qarşısını ala bilər.

Fəqət bugünkü beynəlxalq münasibətlər formatında dünya ictimayyəti susur, danışmır və sadəcə laqeydlik göstərir. Bu münasibət və susqunluğa son verməsi üçün daha nə qədər günahsız azərbaycanlı mülki şəxs həyatını itirməlidir? Bu insanların günahı nədir? Uzaq tarixə getmək lazim deyil. 29 il öncə Xocalı şəhərində mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdı. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq və erməni vandalizmi, eyni zamanda Ermənistan tərəfindən dəhşətli mina yerləşdirmə prosesi heç bir izaha gəlmir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!”

Teqlər: