Xəbər - Samir Əli – Trend:
Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzerTimes-a bildirib ki, hazırda yolun 0-3, 34-37 və 51-53-ci km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti kilometrlik ərazilərdə bu istiqamətdə işlər davam etdirilir: “Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu hissələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 tabeli təşkilatı, “AZVİRT” MMC və Türkiyənin “Kolin İnşaat” şirkəti inşaat işləri aparır. Çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi, həmçinin Füzuli-Şuşa avtomobil yolunu yeni inşa edilən Füzuli hava limanı ilə əlaqələndirmək məqsədi ilə yol qovşağının və giriş yolunun inşası da nəzərdə tutulur”.
A.Nəcəfli bildirib ki, bundan başqa, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün açdığı və 101 km uzunluğa malik “Zəfər Yolu”nun dövlət başçısının tapşırığına əsasən, genişləndirilərək II texniki dərəcəyə uyğun inşası da davam etdirilir: “”Zəfər yolu”nun Əhmədbəyli-Böyük Tağlar yaşayış məntəqələri arasında yerləşən hissəsində tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyü ilə döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır”.