Şuşaya avtobus reysləri artırılır? – Rəsmi

Şuşaya avtobus reysləri artırılır? – Rəsmi

Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur. İnsanları özünə cəlb edən yerlərdən də biri Qarabağın gözü olan Şuşa şəhəridir. Ötən il yanvar ayından etibarən Şuşaya avtobus reysləri təşkil olunur.

Yay mövsümündə tələbatın çox olduğunu nəzərə alaraq Şuşaya avtobus reyslərinin artırılması nəzərdə tutulurmu?

AzerTimes Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, marşrutlar mütəmadi olaraq təhlil edilir, tələbat və bilet satışı dinamikası nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində dəyişikliklər olunur.

“İyun ayı üçün biletlər artıq satışa çıxarılıb. Tələbat artarsa, reyslərin sayının artırılmasına baxıla bilər”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Aprel ayında isə Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.

Teqlər: