Hadrut. Fərid Zöhrabov – Trend:
Bu gün Hadrut qəsəbəsinin erməni işğalçılarından azad olunmasından bir il ötür.
Keçən il sentyabrın 27-dən başlayaraq Şanlı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Hadrutun azad olunmasının birilliyi münasibətilə Müdafiə Nazirliyi qəsəbəyə mediatur təşkil etdi.
Səhər saatlarında Hadrut qəsəbəsinə yola düşdük. Bir neçə saat sonra Füzuli rayonuna çatdıq. Avtobus bizi Füzulidən Hadruta aparacaq. Düz bir il bundan qabaq bu ərazidə şiddətli döyüşlər gedirdi. İndi isə biz Füzulidən keçən yolla rahat şəkildə Hadruta gedirik. Avtobus Füzulidən Hadruta doğru hərəkət etdikcə ermənilərin Füzulini necə xarabalığa çevirdiyini öz gözlərimlə görürəm. Bu erməni vəhşiliyini sözlə ifadə etmək çox çətindir. Avtobus Hadruta doğru irəlilədikcə hava daha da soyuyur, duman sıxlaşır, ara-sıra yağış güclənirdi.
Hadrut qəsəbəsinə çatırıq. Hərbi cəhətdən strateji əhəmiyyətə malik olan bu qəsəbə dağların ətəyində yerləşir. Təbiəti insanı heyran edir: əsl turistik məkana çevriləcək bir yer… Ətrafda böyük üzüm sahələri uzanır. Burada üzümçülük və şərabçılığın inkişafı üçün böyük perspektiv var.
Qəsəbədə infrastruktur bərpa edilir.
Biz bir il əvvəl Hadrutun azad olunması üçün həlledici əməliyyatların aparıldığı mövqeyə gəlirik. Həmin o məşhur daşın yanından Hadrutu seyr edirik. Xatırladım ki, bir il əvvəl məhz bu daşın yanında çəkiliş aparan rus jurnalisti Semyon Peqov deyirdi ki, guya Hadrut ermənilərdədir, ermənilər döyüş zamanı Hadrutu yenidən geri qaytarıblar. Orada döyüşən hərbçilərimizin sözlərinə görə, bu həmin vaxt düşmənin növbəti yalan xəbəri idi. Ümumiyyətlə, 44 günlük müharibə ərzində hərbçilərimiz bir addım da olsun geri atmayıblar.
Hadrut qəsəbəsinin düşməndən azad olunması Şuşanın işğaldan azad olunmasında açar rolu oynadı.
Qəsəbənin mərkəzi parkında gəzirik və burada dalğalanan Azərbaycan bayrağı qəlbimizi qürur hissi ilə doldurur.
Hadrutu sakit payız dumanı bürüyüb, hava çiskinlidir, biz yavaş-yavaş geri qayıtmağa hazırlaşırıq. Ürəyimizdə bir arxayınlıq var: Hadrut əmin əllərdədir. Yenidən qayıtmaq ümidilə hərbçilərimizlə sağollaşıb, Bakıya yola düşürük.