Şuşada yerüstü elektrik xətləri ləğv edilir, naqillər tamamilə yerin altına keçirilir – Trend TV-nin reportajı

Şuşa şəhəri günün 24 saatı dayanıqlı enerji ilə təmin edilir.
Şəhərdə Rəqəmsal İdarəetmə Mərkəzinin sitifadəyə verilməsi bu
baxımdan bütün problemlərin həllinə demək olar ki, son qoyub.
Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə
Mərkəzini işə salmasından sonra şəhərin enerji təchizatı ilə bağlı
çox şey yaxşıya doğru dəyişib. Mərkəzin istifadəyə verilməsi
şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından
əhəmiyyətli hadisədir. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer
idarəetmə sistemi yalnız yüksək gərginlikli xətlərə nəzarət
edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib.

AzerTimes-ın Qarabağ bürosu xəbər verir ki, Şuşa şəhəri dağlıq
ərazidə yerləşdiyinə görə, hava şəraitinin qeyri-sabit olması,
şaxtalı keçməsi ənənəvi naqillərdə bəzən qəzalara səbəb olurdu.
Şuşada yerüstü elektrik xətləri ləğv edilir, ənənəvi xətlər artıq
tarixə qovuşur. Çünki şəhərdə elektrik naqilləri beton tunellər
vasitəsilə tamamilə yer altına keçirilir. Yeni şəbəkə izolyasiyalı
kabellər vasitəsilə çəkilir. Demək olar ki, abonentə qədər dayaqdan
istifadə olunmur. Bu halda qəza ehtimalı çox azdır. Bunun şəhərin
estetik görünüşü ilə yanaşı abonentlərin dayanıqlı enerji ilə
təminatı məsələsi baxımından da üstünlüyü var.

Həmçinin qəza hallarında avtomatik bərpa edilməsi də təmin
olunub. Məsələn, Sayğacı şəbəkədən ayırmaq lazım gəldikdə ora
nəzarətçinin getməsinə ehtiyac qalmır. Monitor qarşısında oturan
operator vasitəsilə sayğac şəbəkədən ayrılır və yaxud şəbəkəyə
qoşulur. Eyni zamanda rəqəmsal idarəetmə mərkəzi vasitəsilə qəzalar
öncədən müəyyənləşdirilir, harda nasazlıq varsa, bu öncədən bilinir
və qabaqlayıcı tədbir görülür. Bunun üçün lazım olan bütün
avadanlıqlar səfərbər edilib.

Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında
enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi
sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan
enerji mənbəyindən istifadə tətbiq edilib. Şuşada yeni qurulan
rəqəmsal idarəetmə mərkəzi postsovet məkanında ilk dəfədir tətbiq
olunur. Rəqəmsal idarəetmə mərkəzi ilə nəinki yüksək gərginlikli
xətlər, eyni zamanda vətəndaşın evinə qədər olan elektrik axını,
nəzarətdə saxlanılır. Bu mərkəz birbaşa Bakı şəhərinə qoşulub. Yəni
mərkəzdən buranı görmək də, və idarə etmək də, mümkündür. Qeyd edək
ki, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi Prezident
İlham Əliyev tərəfindən may ayının 10-da işə salınıb.

Trend TV-nin Şuşadan hazırladığı videoreportajı təqdim
edirik.

Teqlər: