Xəbər - İlhamə İsabalayeva – Trend:
Biz müharibədə yaralı olmağımıza fikir vermirdik, ermənilərin psixologiyasını pozmuşduq. Onlar görürdülər ki, yaralansaq da üstlərinə gedirik. Silahlarını qoyub qaçırdılar. Onlara Azərbaycan əsgərinin məğlubedilməz olduğumuzu göstərdik.
Bunu AzerTimes-a Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan Vətən Müharibəsi qazisi Kənan Sultanov deyib.
Bir çox rayonların işğaldan azad olunması üçün aparılan döyüşlərdə iştirak etdiyini deyən K.Sultanov əvvəlcə Cəbrayıl, daha sonra Qubadlı, Zəngilan, Suqovuşan, Xudafərin, Günəşli kəndi, Hadrut, Qırmızı bazar, Daşaltı, Tuğ və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşub.
Şuşaya ilk daxil olan 300 xüsusi təyinatlıdan biri olduğunu deyən K.Sultanov ən ağır döyüşlərin Şuşada olduğunu söyləyib:
“Orada bıçaqlaşma, şah-damar dişləmə, özünü müdafiə hərəkətlərindən istifadə etdik. Şuşada ermənilər bizi əsas yollardan gözləyirdi. Onlar orada mövqelərini çox möhkəmlətmişdilər. Hər tərəfdə pusqu qurmuşdular. Lakin biz 6 gün dağlardan, qayalıqlardan, meşələrdən keçərək Şuşaya çatdıq. Oralar insanın keçməsi çətin olan sıx meşəliklər idi, lakin biz özümüzə cığırlar açaraq irəliyə gedirdik. Xankəndi yolunu tutaraq orada pusqu qurduq ki, ermənilərə kömək gəlməsin. Qruplara bölünərək Şuşanın içərisinə girdik. Şuşada 6 tank, 2 BMP, 8 KAMAZ , 6 URAL, 1200-1300 nəfər şəxsi heyəti, 2 xüsusi təyinatlı alayını məhv etdik. Noyabrın 6-da Şuşaya daxil olduq, noyabrın 8-ə qədər döyüş getdi. Noyabrın 8-də biz artıq bayrağı asdıq, himni oxuduq. Noyabrın 8-dən 10-a qədər onlar bizə Xankəndidən mərmi atırdılar. Şuşanı almağımızla barışa bilmirdilər. Lakin Şuşa tam olaraq ermənilərdən təmizlənmişdi. Öz qanımızı, canımızı qoyaraq torpaqlarımızı azad etdik”.
K.Sultanov qeyd edib ki, Hadrut döyüşlərində də ermənilər Azərbaycan ordusunun gələcəyini gözləmirdi:
“Elə bilirdilər ki Şuşaya daxil olacağıq, oraya yox. Qırmızı bazar kəndində qızğın döyüşlər oldu. Biz erməniləri qıra-qıra gedirdik, heç nəyə baxmırdıq. İnsanın insanı öldürməsi adama qəribə gəlir. Amma uzun illər bir olduğun, toyuna getdiyin, səhər birlikdə çörək yediyin qardaşın yanında şəhid olanda bu, artıq insana çox pis təsir edir və göz qanla dolur. Yaralı vəziyyətdə döyüşən qardaşlarımız var idi. 18 ilin xüsusi təyinatlısı olan gizir Həsənov Şiraz qolundan, Mahmudov Cavid ayağından qəlpə yarası almışdı. Abbasov Emin ayağı yaralı halda döyüşürdü. Polad qardaşımız ayağı olmadan, ona çubuq bağlayaraq döyüşürdü. Biz bu döyüşlərdə Birinci Qarabağ müharibəsində olan şəhidlərimizin, torpaqlarından didərgin salınan əhalimizin, eyni zamanda bu döyüşlərdə şəhid olan qardaşlarımızın qanını yerdə qoymadıq”.
Qazi bildirib ki, Cəbrayılda mərminin dalğasından kəllə-beyin travması alıb. Noyabrın 6-da isə Şuşa döyüşləri zamanı yaralanıb, sol ayağına 3 snayper gülləsi dəyib. Lakin buna baxmayaraq, noyabrın 8-ə qədər döyüşüb:
“Noyabrın 8-dən 10-a qədər erməni futbolçuya məxsus villada qalmışam. Özümə ilk tibbi müayinəni orada etdim. Sonra təxliyə dəstələri gəldi və bizi Füzuli hospitalına apardılar. Noyabrın 10-da Füzuliyə gələndə ayağımdan bir güllə çıxardılar. 11-də vəziyyətim ağırlaşdı və Bakıya hərbi hospitala yerləşdirildim. Noyabrın 15-də isə ayağımdan daha 2 güllə yarası çıxarıldı. 21 gün hospitalda yatdıqdan sonra Sumqayıtdakı Reabilitasiya Mərkəzində müalicə aldım”.